“Bəzi sığorta növləri var ki, icbari sığorta olsa da, bazarda imitasiyası bir qədər zəifdir. Xüsusilə qeyd edim ki, əmlak sığortası icbaridir, ancaq bazar iştirakı çox zəifdir”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib.
Sədr qeyd edib ki, icbari əmlak sığortasının tətbiqi mexanizmi yoxdur: “Avtomobil sığortası ilə müqayisə etsək, bu sığorta növü də icbaridir, ancaq onun geniş tətbiq mexanizmi var. Elektron protokollar tərtib olunur, texniki baxışda tələb edilir, amma əmlakda bu, yoxdur. Biz çalışacağıq ki, müəyyən cəza alətləri düşünülsün. Hazırda biz ASA olaraq bununla bağlı təkliflər hazırlayırıq, bunlardan biri cərimə mexanizminin işlənib hazırlanmasıdır”.
Azərbaycanda Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası məhsulları mövcuddur.
Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bakı şəhərində 50 manat sığorta haqqı müqavilində mənzilin sığortalanması tələb olunur. Sığorta məbləği 25 min manat, azadolma isə 250 manatdır.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Gununsesi.info