Anama və dünyasını dəyişmiş bütün analara!
Yumşaq uşaq dərisini sığallayaraq nəvazişlə isidən Qarabağ yayı. Dağətəyi Qarabağın yay günləri bir başqa olurdu. Özümü biləndən yayı sevmişdim. Sonralar böyüyəcək, böyük şəhərə gedəcəkdim və orada, ayağımın altından torpağın harasa sürüşüb yerini asfalta verdiyini hiss edəcəkdim. Bu zaman yaya olan sevgim azalacaq, azalacaq və… tamam itəcəkdi. Ancaq bu, çox sonralar olacaqdı. Hələlik mən 4-5 yaşında uşağam və yay mənim üçün inanılmaz dərəcədə sevimli bir fəsildir. Və anam təndirə çörək yapır…
Yazıçı dostumuz Seyran Səxavətlə bir dəfə müsahibəmizdə dedi ki, əslində dünyanın mərkəzi kənddir; şəhərdə olan hər şeyin ilkin və kiçik modeli kənddə var – anamızın təndiri çörək zavodu, cəhrəsi əyiricilik, hanası toxuculuq fabrikidir, nehrəsi yağ, pendir zavodudur…
Bu da çox sonralar olan söhbət idi. Yenə uşaqlığıma – anamın təndirinin yanına dönüm. Seyran Səxavətin deyimi ilə desək, bu çörək zavodunu anam keçən yay qurmuşdu; may, iyunun yarısı keçdi, yağışlar kəsildi. Təndirin badının – divarının quruması üçün yayın qızmarı lazım idi. Yağışlar badı yumşaldıb, yuyardı. Hə, anam onda bizi Sarıqayaya – sarı torpaq dalınca göndərmişdi. Qara torpaqdan təndir olmazdı. Sarı torpağı köhnə samanla, at tükü ilə qarışdırmışdı. Palçıq yoğurmuşdu. Sonra palçığı əlində yumrulayıb badı aşağıdan yuxarıya doğru daralan dairə şəklində qurmuşdu. Bad quruyandan sonra onu yarımyastı, bərk, ancaq həm də hamar çay daşı ilə içəridən bayıra doğru döymüşdü, içində ocaq qalamışdı, bu oddan sonra iç divarlar əvvəlcə qaralmış, sonra da ağ-sarı bir rəng almışdı. Anam təndiri çox gözəl qururdu; təndirin qurulmasına (qoyulmasına) baxmaq mənim üçün o 4-5 yaşda ən sevimli məşğuliyətlərdən biri idi. Yadıma gəlir ki, qonşular, qohumlar da təndir qoyanda anamı çağırırdılar, ondan bilmədiklərini soruşurdular. Anam əsl təndir bilicisiydi. Sonralar böyüyəcəkdim, Şamaxıda – Quşçuda Zahirin anasının, Qəbələdə Narxanım xalanın, Firuzə ananın, Qubada – Əlibəyqışlaqda Güllər ananın, Naxçıvanda – Çərçiboğanda, Yarımcada, Oğuzda – Kərimlidə, Astarada – Şiyakəranda, Zaqatalanın Muğanlısında, Ağsunun Pirhəsənlisində, Salyanda, Gədəbəydə… daha çox yerdə gözəl anaların təndirinə heyran olacaqdım. Hamısı da anamın öz əli ilə qurduğu və sonra da savaşın qurbanı olan o təndirə – uşaqlıq illərimin tarixi abidəsinə bənzəyəcək və məni kövrəldəcəkdi.
Yadıma düşəcəkdi; bağımızdakı şah tutun altına geniş çadırlar sərərdik, biz – oğlan uşaqları tut ağacına dırmaşardıq. Əlimizlə, üzümüzlə ağacın yumşaq, bəzi yerlərdə çox hamar, bəzən də çox kələ-kötür gövdəsini, şaxını, budağını hiss etdikcə, inanılmaz əyləncə yaxaladığımızın fərqinə varardırq.Bağımızda xar tut da, şah tut da, çəkil tut da vardı. Qara xar tut üst-başımızı, üz-gözümüzü çox gülməli halda boyayardı. Qardaş-bacılarımızla, qonşu-qohum uşaqları ilə bir-birimizə baxıb gülüşərdik. Bir-birimizin paltarında, üz-gözündə təmiz yer qoymazdıq – tutla boyamaqdan ləzzət alardıq. O tutları çırpıb sıxardıq. Anam onu qaynadıb bəhməz bişirərdi. Və mən isti təndir çörəyini o bəhməzə batırıb yeyərdim.
…O gün evimizin arxasından keçən yolda köhnə, dolu bir yük maşını göründü. Maşın banındakı qarpızın, yemişin ağırlığı altında sanki inildəyərək qonşu həyətin qabağında dayandı. Həm də satıcılıq edən sürücünün yanında 14-15 yaşında bir oğlan vardı. Kişi sonralar aydın ayıra biləcəyim Muğan ləhcəsi ilə: “Yaxşı qarpız, yemiş” deyə qışqırdı, müştəri çağırdı. Qısa müddətdə maşının arxa tərəfində bir neçə potensial müştəri toplaşdı. Onlardan eləsi oldu, qarpızdan-yemişdən aldı, bəziləri də: “Baha satırsan” deyə aralandı. Muğanlı kişi bu sözdən incimirdi; bilirdi ki, “baha satırsan” demək “pulum yoxdur”, “hələ maaşlar verilməyib”, “atamın pensiyası gecikib” deməkdi. Uşaq da olsam, bunları anlamağa başlamışdım. Yemişlərin xoş iyi vardı. Bu nemətlərdən ala bilməyənlər yaz buludu kimi dolardı, tərpətsən bir yumub min tökəcəkdilər. Maşından tez uzaqlaşardılar ki, qovunun ətrindən daha da kövrəlməsinlər, satıcı, qonum-qonşu nə hiss etdiklərini bilməsin…
Anamın yastılayıb sığalladıqdan, üzünə yumurta sarısı yayıb küncütə bənzər xırda qara tumları səpdikdən, üzərini çəngəllə xətləyib bir neçə yerdən xəfif deşdikdən sonra təndirə yapıdığı çörəklər ağdan sarımtıla, sonra da sarı-qırmızıya doğru rəngini dəyişdi. Bir azdan çörəyin ətri təndirin hüdudlarından çıxıb yayıldı. Mayda qönçələrindən çıxıb rahiyəsini bizə qürurlu alicənablıqla bağışlamış qızılgüllər artıq solmaqdaykən onların ən böyük “rəqib”i elə bu təndir çörəyi idi. Alça çoxdan çiçəkdən çıxmışdı. Ərik, alma, armud, gilas da… Bircə yapon gavalısı gecikirdi. Ağacların çiçəkləri, meyvələr, cürbəcür otlar da dəyirmançı Səfiyar kişinin dəyirmanında diqqətlə, özənlə, səbirlə üyütdüyü təzə buğda ununun çörəyi ilə yarışı “uduzurdu”.
…Anam çörəkləri bir-bir çıxarıb teştə düzürdü. Birdən başını qaldırıb boylandı. Mənə səsləndi: “A bala, gör qəriblər hara getdi?” Qarpız-qovun satanları deyirdi. Anama görə evindən çıxıb Muğan düzündən buralara – Qarabulağa ( Füzuliyə) qədər gəlmiş adam qərib sayılırdı. Mən tez yola qaçdım. Maşın zarıya-zarıya gedirdi, 3-4 ev o yanda dayandı. Anam iki –üç təndir çörəyini büküb yanına da motal pendiri qoydu: “Qəriblər çörəyin iyini alıb, apar ver yesinlər, savabdı” dedi. Mən qaçıb maşına çatdım. “Qəriblər” çörəyi pendirlə həvəslə yeyirdi. Mən geri dönərkən kişi iki balaca yemiş verdi. Almadım. Anamdan belə bir iznim yox idi. Ancaq atam yaşında kişinin əlini geri çevirə də bilmədim. Bir anda təzə çörəyin ətri o yemişlərin zərif qoxusuna qarışaraq ömrüm uzunu unutmayacağım yeni bir qoxu yaratdı. Mən Qarabağı, kəndimizi o çörək və yemiş qoxusu ilə xatırlayıram. Bir də anamı o qoxu ilə yada salacam. Çünki Qarabağ kimi, ordakı kəndimiz kimi, evimiz, bağımız, tut ağaclarımız, atamın ömrünün son günlərinə qədər çox sevdiyi xan çinarımız… kimi, o təndir kimi anam özü də artıq qırx gün olacaq ki yoxdur; bu dünyadan getdi. Ancaq mənim ürəyimdə, yaddaşımda, ruhumun dərinliklərində o təzə, qaynar təndir çörəyinin və yumşaq ətli Orta Asiya sortundan olan Muğan yemişinin qoxularının birləşməsindən yaranan ətri ilə qaldı. “Qərib” insanlara qarşı o mərhəmət duyğusunun ətri ilə…
Bahəddin Həziyev