“Bu ölkədə hamı agent axtarır, hətta Mərkəzi Bank da
Biz xaricdən bəzi sifarişlər alırıq. Hamısı əlbəttə kitabla əlaqəlidir. Kitab nəşri, kitab redaktəsi, kitab çapı, kitab satışı və sair. Harda Amerikanın adı keçirsə Bank pulu qəbul etmir ki, Mərkəzi Bankın siyasətdir deyirlər.
Bu səbəbdən işi üçüncü bir ölkəyə yönəltmək məcburiyyətində qalırıq.
Bizim hesab ATB bankdadır. Hətta xırda məbləğləri almaq üçün ağlasığmaz izahatlar tələb edirlər. İstintaq aparan orqanlarının biri də əmələ gəlib. Bu yaxınlarda kitab nəşrinə görə qonşu ölkələrin birindən daxil olan vəsait üçün mənə göndərilən suallardan başa düşdüm ki, deyəsən mən artıq Amerika agentiyəm. “Bu təşkilatı hardan tanıyırsız, neçə ildir işləyirsiniz, neçə dəfə görüşmüsünüz, harda görüşmüsünüz, niyə məhz siz və s”.
Əlbəttə, bank təhqiqatı mənə inanmadı və vəsait geri qayıtdı.
Belə olmaz! Dövlətlərin siyasəti başqa. Orda hava sərt keçə bilər bu, xırda biznesə mənfi təsir etməli deyil. Hər yerdə agent axtarmaq, Amerika bankları vasitəçiliyi ilə gələn vəsaitlərə Amerika pulu adı verib ölkəyə buraxmamaq, bunun bizim kimi xırda təşkilatlardan başqa heç kəsə ziyanı yoxdur.
Tısbağanı arxası üstə çevir ya da tırtırlar altına at, nəticə eynidir.
Mən xarici partnyor təşkilatlara izah edə bilmirəm. İzah edə bilmirəm ki, ölkə siyasətində baş verən dəyişikliyə görə banklar sizin vəsaiti qəbul edə bilmir.
İndi, mən bilmək istəyirəm Mərkəzi Bank xaricdən gələn vəsaitlərə niyə qadağa qoyur?
Bu qayda yalnız bizim kimi xırda təşkilatlaramı tətbiq olunur, ya Avropaya qaz-neft satan Sokara da?
Və sonda, Mərkəzi Bank nə vaxtdan istintaq orqanı səlahiyyətini yerinə yetirir?”
Şahbaz Xuduoğlu
“Qanun” nəşriyyatının direktoru
Gununsesi.info