Mərkəzi Bank uçot dərəcəsini niyə dəyişmədi?

  • By admin
  • 03 May 2017 14:28

merkezi bank

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı.

Gununsesi.info AMB istinadən bildirir ki, milli valyutanın möhkəmlənməsi trendinin və daxili tələb amillərinin təsiri altında inflyasiya gözləntiləri səngiməyə başlanıb. Aparılan son sorğulara görə əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azalması müşahidə olunmuşdur. Cari ilin son 3 ayında aylıq inflyasiya templəri yanvar ayına nəzərən aşağı olub.

Mərkəzi Bankın məlumatında qeyd olunur ki, həyata keçirilən sabitləşdirmə tədbirlərinin inflyasiyanın azalmasına ötürülməsi xüsusiyyətlərini və vaxtını, makroiqtisadi risklər xəritəsində baş verən dəyişiklikləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə qərar qəbul edilib.

Xatırladaq ki, mövcud uçot dərəcəsi 15 faizdir. Faiz dəhlizinin aşağı həddi 12 faiz, yuxarı həddi isə 18 faizdir.

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, AMB-nın uçot dərəcəsini dəyişməməsinin bir neçə səbəbi var. Onlardan birincisi, manatın üzərindəki basqının yetərli qədər azalmamasıdır: “Buna görə də faiz dərəcəsi aşağı endirilmədi. İkincisi, ən yuxarı fazi dərəcəsi 15 fazidir. Banklar faizin yüksələcəyi gözləntisi ilə kredit verməyərək qısa müddətli likvid investisiyalarda pozisyon alırlar. Bu banklara bugünkü faiz dərəcəsi ilə kredit verə bilərsiniz mesajıdır”.

Vüsalə Rüstəmova

Gununsesi.info