
Milli Məclis “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliyi qəbul etməyə hazırlaşır.
Qeyd edim ki, layihə parlamentin komitələrində müzakirə olunsa da onun mətni ictimaiyyət üçün qapalı saxlanılır. Bu hal Azərbaycanda qanunların qanunvericilik orqanda müzakirəsinin yaxşı olmayan ənənəvi təcrübəsidir. Təəssüf ki, parlament ictimai iştirakçılığın ən aşağı olduğu bir məkana çevrilib.
Layihə barədə mətbuat və ekspertlər kifayət qədər geniş fikri bildiriblər. Ona görə geniş yazmaq istəmirəm. Sadəcə diqqətimi çəkən bir neçə məqamı qeyd etmək istəyirəm. Qısaca demək olar ki, layihə meqagücə malik Mərkəzi Bankın səlahiyyətlərini və çeviklik imkanlarını, bankların isə üzərində nəzarəti daha da artır.
Diqqəti çəkən birinci məsələ Mərkəzi Bankın ölkə ərazisində hüquqi şəxs yaratmaq hüququ qazanmasıdır. Bəlkə də ilk baxışda texniki dəyişiklik kimi görünür. Ancaq bu dəyişiklik Mərkəzi Bankın təhsil sektoruna çıxış imkanlarının artıracaq. Böyük ehtimalla MB maliyyə bazarlarında çalışan əməkdaşların ixtisaslarının artırılması məqsədilə ixtisasartıma institutu (mərkəzi) yaradacaq və ya hazırda mövcud olan institutda və ya ali məktəbdə təsisçi qismində iştirak edəcək.
Digər məsələ Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlirlə bağlıdır. Əvvəl qiymətləndirmə nəticəsində yaranmış fərq birbaşa MB-nin kapital ehtiyatlarında əks olunurdusa, bundan sonra bu vəsaitlər yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid ediləcək. Yəni Mərkəzi Bankın kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmayacaq. Növbəti illərdə zərər olduqda həmin ehtiyatdan zərər örtüləcək. MB-nin kapital ehtiyatına ancaq ehtiyatdakı vəsait kifayət etmədikdə müraciət ediləcək. Fikrimcə, burda məqsəd mənfəətin sərbəst qalığının artmasının qarşısını almaqdır. Çünki Qanunun 12.2-ci maddəsinə görə, Kapital ehtiyatları formalaşdırıldıqdan sonra mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.
Üçüncü məsələ Mərkəzi Bankın sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etməsi hüququnu əldə etməsidir. Bu hüquq Mərkəzi Banka imkan verəcək ki, bir sıra layihələrdə donor kimi iştirak etsin və ya “sosial sahibkar” qismində birbaşa iştirak etsin.
Nəhayət sonuncu vacib məqam məcburi ehtiyat normaları ilə bağlıdır. Dəyişiklik nəticəsində Mərkəzi Bank saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququ əldə edir və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil edilir. Əslində “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydasına 6 iyun 2022-ci ildə edilmiş dəyişiklik nəticəsində Mərkəzi Banka belə bir hüquq verilmişdi. Ancaq bu hüquq Qanunda nəzərə tutulmurdu. Burada məqsəd banklara əlavə maliyyə dəstək verməkdir. Eyni zamanda məcburi ehtiyat normaları “depozitlər” yox, “öhdəliklərin” faizi nisbətində müəyyən ediləcək. Məcburi ehtiyatların hesablanması və ya saxlanması qaydasını pozan kredit təşkilatına sərt sanksiyalar tətbiq ediləcək və Mərkəzi Bank bankların müxbir hesablarına müdaxilə edəcək.
Layihədə cəmiyyətin tez-tez üzləşdiyi və cavab axtardığı bir suala da cavab verilir. Qeyd edilir ki, xarici valyutada olan pul nişanları Mərkəzi Bank tərəfindən dəyişdirilmir. Həmin pul saxta olarsa, lazımi qurumlara məlumat veriləcək.
Samir Əliyev