

Mərkəzi Bankın 4 fazilik marjanı ləğv etməsi “qara bazar”ın sonu deməkdir.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, 4 faizlik marja bazarda tələblə təklifin təmin olunmasına imkan vermirdi.
“Bəzi kommersiya bankları birjadan əldə etdi xarici valyutanı “qara bazar”a yönəltməklə, xoşagəlməyən hallara rəvac verirdilər. 4 faizlik marjanın ləğv olunması ilə artıq banklar artıq özləri xarici valyutanı istədiyi qiymətə satacaq ki, bu da qısa zamanda manatın bazarda öz dəyərini almasına gətirib çıxaracaq. Burada digər əsas amil isə ondan ibarətdir ki, bu qərar kommersiya banklarına valyuta uçotunun şəffaf aparılmasına gətirib çıxaracaq. Çünki indiyədək qanunsuz yolla “qara bazar”a çıxarılan pullardan gələn gəlirlər gizlədilirdi və bu qərar gəlirlərin gizlədilməsinin qarşısını almağa xidmət edəcək. Aliş-satış şəffaf həyata keçiriləcək və xeyir dövlətə qalacaq. Bu da nəticədə manatın sabitləşməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda bazarda xarici valyutaya olan tələbatı ödəmiş olacaq”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili onu da əlavə edib ki, manatın tam üzən məzənnəyə keçidi nə qədər tez baş verərsə, bir o qədər faydalıdır.
“Yəni, bununla həm “qara bazardakı möhtəkirliyin qarşısını almaq mümkün olacaq, həm də manat tez bir zamanda öz dəyərini taparaq mövqeyini möhkəmləndirəcək. Bundan da ancaq ölkə iqtisadiyyatı, maliyyə-bank sektoru və yekunda vətəndaş qazanacaq. İnsanlarda banklara olan inam bərpa olunacaq. Sərmayədarların ölkə iqtisadiyyatına investisiya yatırımı prosesi bir o qədər tez sürətlənəcək. Hansı ki, indiyədək bir çox sərmayədarlar gözləmə mövqeyi tuturdu. Ancaq marjanın ləğv edilməsi investorlar üçün bir stimul olacaq. Ona görə də bu prosesə qısa mərhələlərlə tez keçilsə, daha yaxşı olar. Çünki dünya praktikasında da belə hallar olub. Vaxt itkisi bizim xeyrimizə olmadığı kimi, effektli də deyil. Bu proses sürətləndilməlidir ki, ölkə iqtisadiyyatında ciddi dönüş yaransın”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info