Mərkəzi Bankın depozit hərraclarında tələbat rekord həddə çatıb - SAMİR ƏLİYEV

  • By admin
  • 03 Aprel 2018 15:42

Mərkəzi Bankın aprelin 2-də keçirilən depozit hərracında yeni rekord vurub. Mərkəzi Banknin 250 milyon AZN həcmində təklifinə qarşı banklar tərəfindən sifariş 1,2 milyard AZN-ə yaxın olub. 

Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin eksepti Samir Əliyevə istinadən xəbər verir ki, bu, son 1 ayda 4-cü rekord göstəricidir. S.Əliyevin sözlərinə görə, martın 29-da keçirilən hərracda depozitin cəlbedilmə müddətinin 20 günə qaldırılması da tələbatı azalda bilməyib: “Analoji tələbat martın 14-də Bakı Fond Birjasında keçirilmiş hərracda qeydə alınıb. Həmin hərracda Mərkəzi Bankın 250 milyon manatlıq sifarişinə qarşı bankların tələbi 1 milyard manatdan çox olub. İndiki dövrdə “resurs bolluğu”ndan əziyyət çəkən banklar öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər”.

İqtisadçı deyir ki, real sektorun riskləri və əhalinin kredit tarixlərinin pisləşməsi bankların kreditləşmə marağını azaldıb: “Faktiki olaraq aktivlərinin ən yaxşı halda 40%-ni aktiv kreditləşməyə yönəldən banklar aktivlərinin qalan hissəsini gəlirə çevirməkdə problemlərlə üzləşiblər və Bankın hərrac imkanlarından yararlanmağa çalışırlar. Nəzərə alaq ki, kreditləşmənin aktivlərdə payının 20%-dən az olduğu banklar da var”.

İqtisadçıya görə, Mərkəzi Bank valyuta bazarında sabitliyi qorumaq və banklara dəstək üçün hərraclar vasitəsilə dövriyyədən müvəqqəti də olsa 1,3 milyard manat çıxara bilib: “Bunun 700 milyon AZN-ni depozit, 600 milyon AZN-ni isə notların yerləşdirilməsi üzrə hərraclar vasitəsilə həyata keçirib. Bank 2018-ci ilin ilk 3 ayı ərzində banklara depozit hərracları vasitəilə 15 milyon, notların yerləşdirilməsi yolu ilə 3 milyon manata yaxın dəstək verib. Mərkəzi Bank, ümumilikdə, banklara 18 milyon manatlıq faiz ödəyib.

Proseslər belə davam edəcəyi təqdirdə milli valyutada yerləşdirilmiş əmanətlərin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağı düşəcək, bankların əmanətçilər qarşısında öhdəlikərinin yerinə yetirməsində çətinliklər yaranacaq”.

Vüsalə

Gununsesi.info