

Mərkəzi Bankın siyasəti, yəni, milli valyutanın ucuzlaşması fonunda idxal inflyasiyasının təzyiqinin artması ölkədə qiymət artımının zəncirvari reaksiyasını şərtləndirəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın 2017-ci il üçün pul siyasəti ilə bağlı bəyanatı yeni qədəm qoyduğumuz ildə hökumətin maliyyə sektorunda niyyətinin nədən ibarət olacağını qiymətləndirməyə imkan verir.
“Qeyd edim ki, Mərkəzi Bankın bu bəyanatı əvvəlkilərdən “səmimiliyi” ilə fərqlənir. Görünən budur ki, növbəti il də sərt pul kredit siyasəti davam etdiriləcək, iqtisadiyyatın pulla təminatı səviyyəsi 2016-cı ildə olduğu kimi məhdud həcmdə olacaq. İqtisadiyyat yenə pulsuz qalacaq. Deməli, bank sektorunun və ümumilikdə iqtisadiyyatın kiçilməsi prosesi davam edəcək”-deyə, ekspert vurğulayıb.
Ekspert əlavə edib ki, Mərkəzi Bankın qarşısında duran əsas vəzifə inflyasiya səviyyəsinin nəzarətdən çıxmasına imkan verməmək olacaq:
“Milli valyutanın ucuzlaşması fonunda idxal inflyasiyasının təzyiqinin artması ölkədə qiymət artımının zəncirvari reaksiyasını şərtləndirəcək. Tədiyyə balansının və valyuta bazarının tarazlaşdırılması üçün idxalın məhdudlaşdırılması tədbirləri davam etdiriləcək. Ancaq bəyanatda deyildiyi kimi, “neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır”.
Dövlət sektorunun irihəcmli xarici borc ödənişləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi öhdəlikləri Azərbaycanın valyuta bazarına mənfi təsir edərək manata təzyiqi artıracaq:
“Hökumət xarici aktivlər və beynəlxalq təşkilatların kreditləri hesabına bu təzyiqi azaltmağa çalışsa da daxili valyuta bazarının müdaxiləsiz keçinmək mümkün olmayacaq. Tədiyə balansında kəsirin maliyyələşdirilməsi, o cümlədən xarici valyutada olan bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi tədbirlərinin nədən ibarət olmasını zaman göstərəcək”.
O, bildirib ki, manatın dəstəklənməsi tədbirləri çərçivəsində uçot dərəcələrinin yüksək səviyyədə saxlanılması, inflyasiya təzyiqi artdıqca uçot dərəcələrinin də qaldırılması siyasəti davam etdiriləcək:
“Uçot dərəcələrinin hazırki 15%-dən 20%-ə qədər qaldırılması ehtimalı yüksəkdir. Uçot dərəcəsinin artımını həmçinin Mərkəzi Bankın keçirtdiyi depozit hərraclarının və qısamüddətli notların cəlbediciliyi artırmaq siyasəti şərtləndirəcək”.
İqtisadçı qeyd edib ki, 2017-ci ildə iqtisadiyyata yönəldilən kreditlərin, xüsusən də milli valyutada olan kreditlərin illik faiz dərəcələrinin azaldılması mümkün olmayacaq:
“Mərkəzi Bank banklara uzumüddətli və ucuz malyyə resursları ilə məhdud dəstək verəcək. Bu dəstək daha çox qısa müddətli və məqsədli olacaq. Kapital axının qarşısını almaq üçün xaricə köçürmələrə tətbiq edilən məhdudiyyətlər artırılacaq. Əliyev bildirib ki, böhran dövründə bir qayda olaraq hökumətlər iqtisadiyyatı canlandırmaq üçün xərcləri artırır: “Bunun daha çox tələbi stimullaşdırmaq yolu ilə edirlər. Ancaq Azərbaycan iqtisadiyyatının real sektorunun vəziyyəti pul kütləsini böyük həcmdə həzm etmək iqtidarında deyil. Məhz bu amili nəzərə alaraq Mərkəzi Bank pulu sıxmaq siyasətini yeridir. Çoxlu pul kütləsi ağır fəsadlar yaratdığı kimi az pul da böhranla mübarizədə effektivliyi aşağı salır”.
“Mərkəzi Bankın sərt pul-kredit siyasəti bir neçə ildir ki, davam edir və bu siyasətini 2017-ci ildə də davam etdirmək qərarındadır. Ancaq bu, yanlış siyasətdir və Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmayan metoddur”.

“Manat dəyərini almadıqca, ölkə iqtisadiyyatındakı böhran davam edəcək və bu böhran prosesi uzanacaq”
Bunu isə Gununsesi.info-ya açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın son iki ildə həyata keçirdiyi sərt pul-kredit siyasəti nə ölkə iqtisadiyyatının, nə bank sektorunun inkişafında, nə də ölkəyə sərmayə qoyuluşunda önəmli rol oynayıb: “Ümid edirəm ki, Mərkəzi Bank bir daha günün reallığına uyğun olaraq bu siyasətinə yenidən baxaraq dəyişəcək”.
Q.İbadoğlu əlavə edib ki, ölkədə pul-kredit siyasətinin həyata keçirilməsində digər maliyyə institutları da aktiv rol oynamalıdır və bu qurumların da mövqeyi olmalıdır:
“Ancaq indiyədək bu mövqe ortada yoxdur”.
İqtisadçı alim Mərkəzi Bankın yeni ildə də əvvəlki illərdən fərqli yanaşma ortaya qoya bilmədiyindən təəssüfləndiyini dilə gətirib:
“Mərkəzi Bank açıqladığı siyasətini 2017-ci ildə də davam etdirəcəksə, o zaman manatın məzənnəsi daha da ucuzlaşmaqda davam edəcək. Manat bazarda tam real dəyərini ala bilməyəcək və proses belə davam edərsə, o zaman manat dəyərini gözlənildiyindən də itirmiş olacaq. Bu siyasətin nəticəsində nə iqtisadiyyat, nə də bank sektoru qazanacaq, əksinə, itirəcək. Manat bazarda dəyərini ala bilmədiyindən, ölkə iqtisadiyyatına da sərmayə cəlb etmək mümkün olmayacaq. Manat isə dəyərini almadıqca, ölkə iqtisadiyyatındakı böhran davam edəcək və bu böhran prosesi uzanacaq”.
Mürtəza
Gununsesi.info