Mərkəzi Bankın ştat cədvəlində də artım yoxdur ki, yeni binaya ehtiyac yaransın - EKSPERT 700 MİLYONLUQ BİNADAN DANIŞIR

  • By admin
  • 10 İyun 2024 17:57

Son günlər Azərbaycan mediasının və sosial şəbəkə istifadəçilərinin ən çox müzakirə etdiyi məsələ Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinə 637 milyon manat ayrılması barədədir.

Qeyd edək ki, paytaxın məşhur Heydər Əliyev prospektində yerləşən AMB-nin yeni inzibati binasının tikintisi üçün əlavə 242,1 milyon manat  manat ayrılması nəzərdə tutulur.

Gununsesi.info xatırladır ki, baş podratçı ilə müqavilə çərçivəsində tikinti işlərinə 355,1 milyon manat ayrılacaq. Bundan başqa, Xəzinədarlıq Mərkəzinin müvafiq avadanlıqla təchiz edilməsinə və inzibati binanın Mebel və digər zəruri avadanlıqla təchiz olunmasına 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi planlaşdırılan vəsaitin ümumi məbləği 636,99 milyon manat təşkil edir.

İqtisadçı ekspert Natiq Cəfərli Gununsesi.info-ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın yeni tikintisi ilə bağlı qərar illər öncə verilib: “Ümumilikdə, vizual olaraq konsepsiya bundan ibarətdir ki, Heydər Əliyev prospekti boyunca belə binalar tikilib. Bu nə birinci, nə də sonuncudur. AZAL, Azərsu, Neft Fondu və sair qurumların binası var. Bu da onlardan biridir. Hesabatlı hökumət olan ölkələrdə bunun açıqlaması olmalıdır. Bu tipli qərarların əsaslandırması olmalıdır. Parlament, cəmiyyət qarşısında bunun yaranma zərurəti açıqlanmalıdır. Biz bunları görməmişik. İqtisadi, sosial-siyasi əsaslandırması olmalıdır. Mərkəzi Bankın hazırki binası da çox möhtəşəmdir. Müasirliyinə görə də geri qalmır. Ortada da hər hansı bir açıqlama yoxdur. Ortada şəffaflıqla bağlı da suallar var. Mərkəzi Bankın ştat cədvəlində də ciddi artım yoxdur ki, bununla əsaslandırsınlar. Az qala bünyanı idarə edən ABŞ-ın Federal Rezerv Sisteminin binası XIX əsrdə inşa olunub”.
Natiq Cəfərli deyir ki, Mərkəzi Bankın binasına ayrılan vəsaitlə Qarabağda yeni yaşayış qəsəbələri qurmaq, təhsil və digər sahələrə yatırmaq olardı”.  
Afət Abbasova
Gununsesi.info