Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.
Komitədən Gununsesi.info-ya verilən xəbərə görə, müşavirədə DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri, tabeliyindəki qurumların, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin (Agentlik) rəhbərliyi iştirak ediblər.
Müşavirəni giriş sözü ilə DQİDK-nın sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı açaraq, Ramazan ayında keçirilən tədbirlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirilib, eləcə də dini maarifləndirmə sahəsində silsilə görüş və konfranslar təşkil edilib. Ramazan ayı müvafiq tədbirlərin keçirilməsi üçün dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib.
Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə Ramazan ayı müddətində vahid Ramazan təqviminə riayət olunmasının xüsusi nəzarətdə saxlanıldığını vurğulayıb. Bildirib ki, Ramazan ayı ərzində Dövlət Komitəsinin Mərkəzi Aparatına yerlərdən daxil olmuş məlumatlar ümumiləşdirilərək təhlil olunub, respublikada ümumi dini durumun qiymətləndirilməsi aparılıb.
Gununsesi.info