
Leonardo Di Kaprionun baş rola çəkildiyi “Wolf of Wall Street” (“Pul ovçusu”) filmində sürdüyü “Lamborghini” hərraca çıxarılıb.
Gununsesi.info xəbər verir ki, filmdə qəza səhnəsində istifadə edilən avtomobilin 1,5 milyon dollardan baha qiymətə satılacağı gözlənilir.
Aktyor 2013-cü ildə çəkilən filmdə korrupsioner birjaçı kimi dəbdəbəli avtomobil sürmüşdü. İndi filmdə istifadə edilən 1989-cu il “Lamborghini Countach” markalı avtomobilin hərracda 1,5 ilə 2 milyon dollar arasında satılacağı gözlənilir.
“Countach” buraxıldığı gündən avtomobil həvəskarlarının sevimlisi olub. Hərrac evinin məlumatına görə, o, filmdə 3 dəqiqə 11 saniyə çəkilib.
Hərrac evinin açıqlamasına görə, çəkiliş zamanı nəqliyyat vasitəsinin qapısı açıq şəkildə yoldan çıxmaq, digər nəqliyyat vasitələri ilə toqquşmaq, lövhə və poçt qutuları kimi müxtəlif əşyalara dəymək kimi səhnələrdə istifadə edilib.
Lüks avtomobil 25-ci yubiley seriyasında istehsal olunan 658 avtomobildən yalnız biridir. Daha əvvəl filmdə istifadə edilməyən eyni modelin avtomobilinin 2022-ci ilin iyun ayında 738 min dollara satıldığı bildirilib.
Hərraca çıxarılan avtomobil filmdən bəzi xatirə əşyaları, o cümlədən Di Kaprionun geyindiyi kostyumla birlikdə gəlir.
Hərrac Əbu-Dabidəki “Formula 1” gridində keçiriləcək. Satış canlı yayımlanacaq və təkliflər şəxsən və ya onlayn qəbul ediləcək.
Gununsesi.info