“Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun 18 yaşlı oğlu Rəhim Rəhimov bir neçə aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanı avtomobillə vurub öldürməkdə ittiham edilir.
Gununsesi.info xəbər verir ki, martın 13-də bu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək, Rəhim Rəhimovun 4 il sürücülük hüququndan məhrum edilməklə, ona 6 il həbs cəzası verilməsini istəyib.
Məhkəmə martın 16-da vəkilin çıxışı ilə davam edəcək.
İttihama görə, Rəhim Rəhimov ötən il noyabrın 8-də “Bayraq meydanı”nın yaxınlığında idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. Piyada hadisə yerində vəfat edib. İttihamda yazılıb ki, sürücü hadisə yerindən qaçıb. Rəhim Rəhimov hadisədən 20 gün sonra polisə təslim olub. O vaxta qədər isə bu əməli boynuna Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov götürüb. Hətta o, təqsirləndirilən şəxs qismində də tanınıb.
Lakin zərərçəkmiş tərəf – Könül Əkbərovanın anası müxtəlif dövlət orqanlarına, Prezidentə çoxsaylı şikayətlər yazaraq, hadisəni əslində Rəhim Rəhimovun törətdiyini bildirib. Bundan sonra Şahbazov məsuliyyətdən azad edilib, Rəhimov həbs olunub.
Amma məhkəmədə Könül Şahbazovanın anası zərərçəkmiş qismində ifadə verərkən Rəhim Rəhimovdan şikayətçi olmadıqlarını bildirdi: “Bu, mənim nəvələrim yaşında uşaqdır. Hadisədir də, olub…”
R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub.O, Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.
Amma Rəhim Rəhimov hadisə yerindən qaçması haqda ittihamla razılaşmır. Deyir ki, polislər də gəlib onu hadisə yerində görüblər.
Rəhim Rəhimov atası Akif Rəhimovun həm də deputatlığa namizdlərdən olub. Əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.
Gülər
Gununsesi.info