
“Mən Heydər Əliyevi hələ ötən əsrin 50-ci illərindən tanıyırdım…”
Gununsesi.info xəbər verir ki, bunu Böyük Vətən Müharibəsi veteranı, Vetereanlar Təşkilatının üzvü, 96 yaşlı Fatma Hüseyn qızı Səttarova bir az öncə ATV kanalında yayımlanan “10-dan sonra” verilişində mərhum dövlət başçısı Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.
Onun sözlərinə görə, H. Əliyev həmin vaxt indiki BDU-nun tarix fakültəsində, özü isə iqtisadiyyat fakültəsində oxuyurmuş.
“Mən o vaxt müharibədən yeni qayıtmışdım…50-ci il idi…O vaxt müharibəyə yollanan 42 azərbaycanlı qızından da cəmi 21-i sağ qalmışdı. Bir gün xəbər gəldi ki, bəs bizləri birbaşa Universitetə qəbul edəcəklər…Mənə də birinci qrup əlillik dərəcəsi vermək istəyirdilər…Mən isə buna razı olmadım, dedim ki, oxumaq, təhsil almaq istəyirəm…Nə isə, bizi o vaxt Mircəfər Bağırov özü qəbul etdi və bildirdi ki, hamınız Universitetdə imtahansız qəbul olunacaq və oxuyacaqsınız…
Mən də axşam növbəsində oxumalı oldum…Həmin vaxt Heydər Əliyev də cavan oğlan idi, dövlət təhlükəsizlik orqanlarında çalışırdı, eyni zamanda, Universitetdə tarix fakültəsində qiyabi təhsil alırdı…Qiyabiçilər də ildə iki dəfə sessiyaya gəlirdilər…Mən də elə o vaxtdan onu tanıyırdım…
Çox yarışıqlı, gözəl, hündürboy oğlan idi…Nə gizlədim, gözüm düşmüşdü ona…(gülür) Sonra da onu 1969-cu ildə, yenicə birinci katib təyin olunan vaxt indiki Şəhriyar adına klubda gördüm…Həmin vaxt mən özüm də artıq vəzifədə işləyirdim…Yenicə birinci katib təyin olunmuşdu…Şəhriyar adına klubda iki saat, özü də ayaqüstə və azərbaycanca çıxış etdi…Hamımız şok içində idik…Çünki ilk dəfə idi ki, belə bir halla rastlaşırdıq…”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info