Məşhur vəkildən İlham Əliyevə şikayət

  • By admin
  • 10 Dekabr 2019 19:52

Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Gununsesi.org xəbər verir ki, vəkil baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən təzyiqlərə məruz qaldığını iddia edib. Onun müraciətini qısa ixtisarla təqdim edirik:

Cənab Prezident! Sizə müraciət etməyimin əsas səbəbi son zamanlar yenidən basqılarla üzləşməyimdir. Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini Rüstəm Usubov tərəfindən üzvü olduğum Vəkillər Kollegiyasına şikayət edilib, heç bir qanuni əsası olmadığından bunu şəxsimə qarşı təqiblərin davamı hesab edirəm.

Cənab Prezident! Oktyabr ayında “Siyasi Məhbuslarsız Azərbaycan Birliyi”nin koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev qəza keçirib. Bakının mərkəzində o, avtomobillə vurulub. Mən 30 oktyabr 2019-cu il tarixdə özümün facebook səhifəmdə aşağıdakı məzmunda status yazmışam: “Oktay Gülalıyevin vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu ehtiyatsızlıq deyil, qəsddir! Allahdan Oktay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq”. AR Baş Prokurorluğu həmin statusdan sonra mənim barəmdə 05/137/XİD saylı “material” yaradaraq “araşdırma” aparıb. Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi prokurorluğa vəkillər barəsində xidməti araşdırma aparmaq səlahiyyəti vermir, prokurorluğun belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Qanunvericiliyə əsasən, belə araşdırmalar yalnız hüquq-mühafizə orqanlarının işçiləri barəsində aparıla bilər.

Vəkil prezidentə şikayət etdi:

Barəmdə qanunsuz xidməti araşdırma aparan AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov daha sonra Vəkillər Kollegiyasına müraciət edib. AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinə ünvanlanmış 05/137/XİD saylı, 14 noyabr 2019-cu il tarixli şikayət ərizəsində göstərilir ki, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil Sadıqov Elçin Əli oğlu özünə məxsus facebook sosial şəbəkəsindəki profilində “Oktay Gülalıyevin vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu ehtiyatsızlıq deyil qəsddir! Allahdan Oktay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq” yazısını paylaşmış və kütləvi informasiya vasitələrində baş vermiş hadisə ilə bağlı “videoyazıya baxdım, bu ehtiyatsızlığın nəticəsi deyil, sui-qəsddir” şərhini vermişdir.

AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov daha sonra qeyd edib ki, “vəkil Sadıqov Elçin Əli oğlunun istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqda məqsədi baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaqdır. Ona görə də vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, vəkil etikası normasını pozmuş, AR Vəkillər Kollegiyasının üzvü Sadıqov Elçin Əli oğlu barəsində “Vəkillər və vəkillik Fəaliyyəti haqqında” Qanuna müvafiq tədbir görülməsi məsələsinə baxmağınızı və nəticəsi barədə Respublika Baş Prokurorluğuna məlumat verməyinizi xahiş edirəm”.

Cənab Prezident! AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun mənim barəmdəki şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına, Azərbaycanı mütərəqqi dünyanın gözündən salmağa xidmət edir. Hüquqi biliyi olan hər bir şəxs bilir ki, prosessual qanunvericiliyə, prokurorluq haqqında, vəkillik fəaliyyəti haqqında qanunlara görə, qeyri-prosessual vəziyyət olmadan prokurorluq orqanının vəkildən Vəkillər Kollegiyasına şikayət etməsi, Vəkillər Kollegiyasının isə belə şikayətləri icraata qəbul etməsi tamamilə qanunsuzdur. Çünki prokurorluğun araşdırma predmeti olmuş status mənim ifadə azadlığı hüququmdan yararlanmağımdır, mənim şəxsi sosial media səhifəmdə yayılıb. Mənim profilim rəsmi deyil, orda yazıb-yaydığım status isə vəkillik fəaliyyətimlə, hansısa müştərimlə bağlı deyil.

Cənab Prezident! Ümumiyyətlə, AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov əsasən, 2017-ci ildən Azərbaycanda ifadə azadlığı hüququndan geniş, ancaq qanunlar çərçivəsində istifadə edən vətəndaşların qəniminə çevrilib. Bu kontekstdə, ən çox zərər görənlər azərbaycanlı vəkillərdir. AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov vəkillərdən ən çox şikayət edən, onların ağır cəzalandırılmasına səbəb olan şəxsdir. AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycanda vətəndaşların ifadə azadlığına, xüsusilə də vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən, senzura həyata keçirən şəxsdir. Bu üsulla davamlı olaraq, vəkilləri öz funksiyalarını həyata keçirməkdən çəkindirməyə, onların gözünün qorxudulmasına, mutiləşdirilməsinə çalışır. AR Baş Prokurorunun birinci müavininin həyata keçirdiyi belə siyasət vəkillərin prokurorluğa tabe etdirilməsinə, ölkədə qorxu mühitinin formalaşdırılmasına yönəlib. Baş Prokurorluq kimi bir qurumda yüksək pillə tutan bir şəxsin belə addımları yalnız bu quruma inamsızlıq yaratmır, eyni zamanda ölkəmizi, soz zamanlar baş verən ciddi dəyişikliklərin fonunda qabaqcıl dünyanın gözündən salır, Azərbaycanın yaxından əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrdə problemlər yaratmağa xidmət edir.

Möhtərəm Prezident! Müstəqil vəkillik, ifadə azadlığı hüququ demokratik cəmiyyətlərin əsas sütunlarındandır. Konstitusiyamızda, Azərbaycanın tərəfdar çıxdığı müqavilələrdə ən yüksək səviyyədə təsbit olunmuş hüquqlardan istifadəyə görə, insan haqlarını daha aktiv müdafiə etməyə görə, yüksən pillədə duran rəsmi şəxslərin insanları təqib etməsi, onlara təzyiqlər göstərməsi, ləkələməsi yolverilməzdir. Belə addımlar ilk növbədə ölkəmizin nüfuzuna uyğun deyil. Sizdən AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun mənə qarşı atdığı qanunsuz addımların ədalətli araşdırılmasına, belə hallara son qoyulması üçün gərəkli addımların atılmasına göstəriş vermənizi xahiş edirəm”.

Vəkil müraciətini həmçinin beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ünvanlayıb.

 

Gununsesi.org