Günün növbəti önəmli xəbəri Londondan gəldi.
Məşhur “Wikileaks” saytının yaradıcısı Julian Assanj (Julian Paul Assange) nəhayət ki, yaxalandı.
Assanj İsveç və ABŞ tərəfindən axtarışa verilmişdi. O, İsveçdə zorlama və digər seksual xarakterli cinayətlərdə, ABŞ-da isə məxfi sənədləri yaymaqda ittiham olunur. Assanjı yaxalamaq FBI-ın əsas vəzifələrindən biri idi. Həm Dövlət Departamentinin məxfi sənədləri, həm də Hillari Klintonun seçki qərargahına aid yazışmalar “Wikileaks”da dərc olunmuşdu.
Assanj 2012-ci ildən Ekvadorun Britaniyadakı səfirliyində gizlənirdi və bu ölkə hökumətinin qərarı ilə bu gün London polisinə təhvil verilib. Ekvador sosialist prezident Rafael Korrea dövründə Latın Amerikasında ABŞ əleyhdarı olna ölkələrdən biri idi. Korreadan sonra Lenin Moreno prezident seçildi. Lenin müəllim də eyni partiyanın (Müstəqil və Vüqarlı Vətən alyansı) nümayəndəsidir və Korrea dövründə vitse-prezident vəzifəsini tutub. Lakin o, prezident seçildikdən sonra gözlənilmədən ABŞ-la yaxınlaşma siyasəti yeritməyə başladı, hətta Venesuelada yaranmış siyasi böhran zamanı Ekvador Xuan Quaydonu qanuni prezident kimi tanıyan ilk ölkələrdən oldu.
İndi Britaniya məhkəməsi Assanjın hara – İsveçə, yoxsa Amerikaya ekstradisiya edilməsinə dair qərar qəbul etməlidir. Yəqin ki, dost-qardaş ABŞ-a təhvil verərlər.