

Avropa Parlamentinin (AP) Türkiyə ilə bağlı verdiyi qərar bir daha göstərir ki, bu parlamentdə nə qədər məsuliyyətsiz siyasi qüvvələr fəaliyyət göstərir.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin Türkiyə ilə bağlı verdiyi qərar çox səhv qərardır. “Bu ilk növbədə Avropa İttifaqının geosiyasi, regional maraqlarına ziyan vurmaqla yanaşı, Türkiyə ilə münasibətlərinə də ciddi xələl gətirəcək qərardır”- deyə, millət vəkili bildirib.
E.Nəsirov əlavə edib ki, Avropa Parlamentində 700-dən artıq deputatın olduğu halda, onlardan yalnız 37-nin bir araya gələrək Türkiyə ilə Avropa İttifaqı arasında danışıqların dayandırılması barədə qərar qəbul etməsi ilk olaraq Avropa İttifaqı-Türkiyə əməkdaşlığına ciddi ziyan vuracaq. “Bu gün Türkiyə, o, ölkədir ki, Avropaya miqrant axının qarşısını alır və üç milyondan artıq miqrantı öz ölkəsində saxlayır, onları dolandırır. Artıq Türkiyənin bu miqrantlara xərclədiyi vəsait milyardlarla dollarla ölçülür.
2016-cı ilin əvvəlində Avropa İttifaqı tərəfindən Türkiyənin miqrant axının qarşısını almaqla bağlı üç milyard avro həcmində yardım ayırmaqla yanaşı, Türk vətəndaşlarına bu məkanda viza rejiminin sadələşdirilməsi və quruma üzv olmaqla əlqədar danışıqlar prosesinin sürətləndirilməsi qərar alındı. Ancaq indiyədək bu qurum üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib. Əksinə, Avropa Parlamentinin Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar prosesinin dayandırılması ilə bağlı təxribatçı bir qərar qəbul edir”- deyə, E.Nəsirov bildirib.
Millət vəkili AP-nin bu qərarını əcaib və təxribatçı qərar hesab edir: “Bu, bir daha Avropa Parlamentində Avropa İttifaqının maraqlarına ciddi zərbə vuran məsuliyyətsiz siyasi qüvvələrin olduğunu göstərir. Avropa Parlamenti Türkiyəni yalnız bir amilə görə Avropa İttifaqına yaxın buraxmır: bu da Türkiyənin müsəlman ölkəsi olmasıdır. Bu bir daha Avropa Parlamenti və Avropa İttifaqının xristian klubunun göstəricisi deməkdir. Bunu görməmək sadəcə, fiziki baxımdan kor olmaq lazımdır”.
Millət vəkili hesab edir ki, Avropa Parlamentinin bu qərarı Türkiyənin xarici siyasət kursuna təsirsiz ötüşməyəcək. “Belə şəraitdə Türkiyə Avropa İttifaqı ilə əldə etdiyi razılaşamalardan imtina edib, miqrant köçünün Avropaya axınının qarşısını aça bilər. Qoy o zaman bu üç milyon miqrantı Avropa qəbul və problemlərini həll etsin. Ona görə də hesab edirəm ki, Ankara Avropa İttifaqı ilə danışıqları kəsməklə bağlı qərar qəbul edərsə və ya digər adekvat addım atarsa, o zaman məsuliyyət Türkiyənin deyil, Avropa Parlamentinin üzərinə düşəcək. Türkiyə atacağı addımla bağlı hər hansı məsuliyyət daşımır. Çünki qarşı tərəfin yürütdüyü siyasət Türkiyəni belə bir qərarları qəbul etməyə vadar edir”- deyə, millət vəkili bildirib
Mürtəza Bünyadlı
Gununsesi.info