Mətbuat Şurası Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yaydı

  • By admin
  • 07 İyun 2022 14:24

Mətbuat Şurası Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.

Gununsesi.info nekroloq mətnini təqdim edir:

“Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın əməkdar jurnalisti, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Əhmədli Nəsir Abbas oğlu 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakultəsini bitirib. 1981-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Uzun və mənalı ömrünü jurnalistikaya bağlamış N.Əhmədli Azərbaycan Dövlət Televiziyasında çalışdıqdan sonra BDU-da elmi-pedaqoji fəaliyyətə başlayıb, ömrünün sonunadək fakultənin “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının professoru olub.

Onu tanıyan hər kəsin, həmkarlarının, saysız-hesabsız tələbələrinin sevimlisinə çevrilmiş N.Əhmədli Azərbaycanda jurnalistikanın həm peşə kimi təkmilləşməsində, həm də elmilik qazanmasında böyük xidmətlər göstərib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifi olan qələm sahibinin dərin elmi axtarışları fundamentallığı ilə diqqət çəkib. O, beynəlxalq radio yayımının bütün sahələrinə tətbiq edilə biləcək model-sxem hazırlayıb, bu sahəyə dair altı qanun aşkarlayıb.

N.Əhmədli dünyanın bir sıra ölkələrində keçirilmiş nüfuzlu elmi toplantılara qatılıb. O, söz sənəti sayılan jurnalistikanın nəzəri və praktik məsələlərinə dair çoxsaylı elmi araşdırmaları ilə bütövlükdə Azərbaycan elminə, xüsusən də onun vacib sahəsi sayılan dilçiliyə müstəsna töhfələr verib. Mətbuatın, ümumilikdə medianın dil hadisəsi olduğunu məxsusi yanaşmaları ilə əsaslandırıb, ictimai fəaliyyətilə Azərbaycan dilinin qorunmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə nümunəvi yanaşma ortaya qoyub. Bir məqam da vurğulanmalıdır ki, Nəsir müəllimin elmiliyi həm də elmlə publisistikanın vəhdəti kimi dəyərləndirilə bilən bənzərsiz hadisədir. Buna görə göstərdiyi çoxşaxəli fəaliyyət ona cəmiyyətdə həm vətənpərvər alim, həm də dəyərli ziyalı obrazı qazandırıb.

2010-cu ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüş N.Əhmədli həmçinin müxtəlif illərdə III dərəcəli “Əmək” ordeni, Ali Media Mükafatının I dərəcəsi, jurnalistika sahəsində digər bir çox populyar mükafatlarla təltif edilib.

Azərbaycan cəmiyyəti N.Əhmədlinin simasında səmimilik, qayğıkeşlik, nəciblik örnəyi sayılan əsl ziyalısını, öz baxış bucağı və mövqeyilə fərqlənmiş zəhmətkeş alimini, jurnalistikaya nüfuz gətirən, peşəni sevdirən şəxsiyyəti, ustad qələm sahibini itirib. Bu itkinin ağırlığı son dərəcə böyükdür.

Uca Tanrıdan Nəsir müəllimin doğmlarına, əzizlərinə, həmkarlarına, dostlarına bir daha dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!”

Gununsesi.info