Məzahir Pənahov Robert Sekuta ilə görüşüb

  • By admin
  • 21 Sentyabr 2016 13:55
sefir
Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb.
MSK mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
Səmimi qəbula görə təşəkkür edən ABŞ səfiri Robert Sekuta rəhbərlik etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlığından məmnunluğunu vurğulayıb, buna görə MSK sədrinə öz təşəkkürünü bildirib və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.
M.Pənahov qeyd edib ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır. Qonağın suallarını cavablandıran MSK sədri M.Pənahov həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, ölkəmizin seçki (referendum) qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsi üçün gerçəkləşdirilmiş genişmiqyaslı layihələri diqqətə çatdırıb.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Gununsesi.info