Məzarı Şərq xalısına bükülmüş rəqqas - FOTOLAR

  • By admin
  • 08 Noyabr 2016 18:06

leman

Əslində bu adam haqqında çoxdan eşitmişdim. Amma ötən gün əlimə “Azərbaycan xalçaları” jurnalı keçdi və bu jurnalda bir qəbirüstü xalı diqqətimi çəkdi. Elə bildim ki, məzarın üstünə həqiqi bir xalı  səriblər. Oxuyanda gördüm yox, bu sadəcə möhtəşəm hazırlanmış mozaik qəbirüstü əsərdir. Qəbirdə uyuyan isə 20-ci əsrin görkəmli balet ustası Rudolf Nuriyevdir.

Bu ad çoxunuza heç nə deməyə bilər. Baxmayaraq ki, Rudolf bir vaxtlar hamımızın ölkəsi olan keçmiş SSRİ-də doğulub. Öz xatirələrində yazırdı ki, anam tarixi şəhər olan Kazanda, atamBaşqırdıstanın paytaxtı Ufaya yaxın kiçik bir kənddə doğulub. Yəni, damarlarımda tatar və başqırd qanı axır. Özünə gəlincə,.. Rudolf Nuriyevi anası Fəridə xanım  qatarda dünyaya gətirib. Vladivastokdan üzü İrkutska gedən istiqamətdə. Ona görə də onun doğum yeri kimi İrkutsk şəhəri göstərilir. Bir Allah bilir ki, kiçik Rudolfun doğum şəhadətnaməsini almaq  üçün valideynləri nə qədər əziyyət çəkib. Amma Rudolfun öz həyatı haqqında bunu demək olarmı?

Bax, bu sualın cavabı o qədər də asan deyil. Onun uşaqlıq illərindən danışmaq niyyətində deyiləm. Ufada uşaq folklor ansamblından başlayan yol Fransanın Qrand Operasına kimi uzanıb. Bu yol isə qətiyyən hamar olmayıb.  1961-ci ildə Parisdə qastrol səfərində olarkən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin qərarıyla “rejim qaydalarını pozduğuna görə” o,  truppanın Londona  qastrol səfərinin tərkibindən çıxarılıb. Buna etiraz edənRudolf birdəfəlik Fransada qalmalı olub. Sonradan SSRİ məhkəməsi vətənini“satdığı” üçün  Rudolfu 7 il müddətinə azadlıqdan məhrum edir.Özü məhkəmədə iştirak etmədiyindən cəza əlbəttə ki, qiyabi çıxarılır və bu cəzanın gənc Rudolfa heş bir isti-soyuğu olmur. Çünki, Fransa hökümətinin siyasi sığınacaq vermədiyi Rudolf həmin vaxt Kopenhagendə- Kral baletində oynayırdı.  Cəmi 23 yaşında o artıq bütün dünyanı öz rəqsi ilə valeh etmişdi. Təsəvvür edin, o ildə azı 200 dəfə professional  səhnəyə çıxırdı.  Bütün Dünya Rudolfun təkrarsız  oyununun tamaşaçısına çevrilmişdi. Tezliklə o Avstriya vətəndaşlığı da alır, üstəgəl maraqlı “titullar” da.

Məsələn onun haqqında danışanda “Şərqin Çingiz Xanı”, “Tatar qaplanı” deyə çox ibarəli ifadələrdən istifadə edirdilər.Rudolf sözün əsl mənasında ulduz həyatı yaşayırdı. Ta ki, ölən günə qədər. !993-cü ildə Rudolf  Nuriyev  uzun illər əziyyət çəkdiyi QİÇS-dən dünyasını dəyişir. Vəsiyyətinə əsasən onu Parisdən 30 km kənarda yerləşən sadə rus mühacir  qəbristanlığında- Sent-Jenevyev-de-Buada dəfn edirlər. Onun məzarüstü abidəsi bu məzarlığa gələn hər kəsi təəccübləndirir. Rəngarəng Şərq xalısı soyuq məzarlığa şux əhvali-ruhiyyə bəxş etmişdi. Çünki, xalı-xalçalar, qədim dövrün bahalı aksessuarları Rudolfun həyatı idi. Onun evi Şərq hökmdarlarının Sarayını xatırladırdı. O özü də bu səltənətin hökmdarıydı. Əynindəki xalatlar belə sanki ən gözəl xalıydı! Ayağındakı başmaqlar o öləndən sonra hərraca çıxarılmış və 9200 dollara satılmışdı. Sadə bir ailədə doğulan Rudolfun  80-ci illərdə azı 80 milyon dollar varidatı vardı.

Onun Nyu- Yorkda və Parisdə mənzilləri, London və Sen Bartelemidə evləri, ABŞ-da rançosu və Aralıq dənizində Qalli adası vardı. O evlərin də başlıca aksessuarı xalılar idi. Ona görə də o dünyasını dəyişəndə  Qrand Operanın aparıcı rəssamı, Rudolfun yaxın dostlarından biri Etsio Fricerio  Nuriyevin qəbirüstü abidəsi üçün onun ən çox sevdiyi Şərq xalısının naxışlarını əsas götürür. Məzarüstü abidə İtaliyanın Ravenna şəhərində “Akomena Srazio Mozaiko” emalatxanasında hazırlanır.  Xalçanın mozaikası xırda kvadrat formalı elementlərdən yaradılmışdı. Maraqlıdır ki, mozaikanın səthi xovludur, elementlərin səviyyələri son dərəcə kəskinliklə dəyişir. Bu bədii üsul xalça teksturası təəssüratı yaradır və məzarlığa gələn hər kəs qəbir üstündəki xalçanın həqiqi xalça olduğuna inanır. Yalnız əlini toxunduranda başa düşür ki, bu təbii xalça deyil.

Əlbəttə, bu Rudolf Nuriyev haqda danışmaq istədiyimizin hamısı deyil. Onun hər kəsə bəlli olan qalmaqallı şəxsi həyatı da olub. Amma hər kəsin özəl həyatı özünə məxsusdur deyib ondan danışmırıq. Ondan müsəlman olduğu üçün, keçmiş SSRİ vətəndaşı olduğu üçün, və bir də əlbəttə ki, xalça vurğunu olduğu üçün söhbət açdıq.Əslində onun məzarı üstünə açılmış xalıda onun həyatının bütün rəngləri öz əksini tapmışdı.

Allah günahlarını bağışlasın!

leman

leman1

leman2

leman3

leman4

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist