Məcburi köçkün məktəblərində təhsil alan şagirdlər peşə təhsili ilə bağlı maarifləndiriləcək

  • By admin
  • 21 Fevral 2022 15:25

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilməsi üçün yeni layihənin icrasına başlayıb.

“İşğaldan azad olunan rayonların şagirdləri arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində Bərdə, Yevlax və Abşeron rayonunda fəaliyyət göstərən işğaldan azad olunan rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri üçün məlumatlandırma sessiyasının keçirilməsi nəzərdə tutulur.

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihənin əsas məqsədi şagirdləri peşə təhsilinin əhəmiyyəti, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqla doğru sənət seçiminə yönləndirmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır:

“Şagirdlərin maarifləndirilməsi məqsədi ilə Azərbaycanda peşə təhsili, peşə təhsili müəssisələrinin mövcud potesialı, bu istiqamətdə dövlət siyasəti, respublikamızda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunduğu “Uğur üçün düzgün peşə seç!” adlı buklet hazırlanaraq çap edilib. Çap edilən 500 ədəd buklet Abşeron, Bərdə və Yevlax rayonunda fəaliyyət göstərən işğaldan azad olunan rayonlara tabe məktəblərin yuxarı sinif şagirdləri arasında yayılacaq. Həmçinin, layihənin icra olunduğu hər rayonda bir dəfə olmaqla yuxarı sinif şagirdləri üçün məlumatlandırma sessiyası keçiriləcək. Şagirdlər doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili  müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı bilgiləndiriləcək”.

G.Həsənovanın sözlərinə görə, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək veriləcək, onlara konsultasiya xidməti göstəriləcək.

 

Gununsesi.info