Məcburi köçkünlərin mənzil və status məsələləri yenidən tənzimlənir

  • By Admin2
  • 03 İyun 2026 12:18

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan məcburi köçkünlərə verilən yaşayış sahələrinin onların mülkiyyətinə keçməsi və əvvəlki yaşayış yerlərinə qayıtmaqdan imtina edənlərin statusunun itirilməsi təklif olunur.

Gununsesi.info xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirdikləri birgə iclasda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Belə ki, layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna daxil ediləcək və həmin yaşayış sahələrinin məcburi köçkünlərin köçürülməsi, eləcə də sonradan onların mülkiyyətinə verilməsi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, bu yaşayış sahələri özəlləşdirilə biləcək, lakin kirayəyə və kirayəyə verməyə icazə verilməyəcək. Eyni zamanda, yaşayış sahələrinin mülkiyyətə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənəcək.

Qanun layihəsində həmçinin qeyd olunur ki, əvvəlki yaşayış yerinə və ya həmin regionda müəyyənləşdirilmiş başqa yaşayış yerinə qayıtmaqdan imtina edən şəxslər məcburi köçkün statusunu itirəcəklər.

Belə ki, dəyişikliklərə əsasən, məcburi köçkün statusunun saxlanılması üçün əvvəlki yaşayış yerinə qayıdışla bağlı yeni yanaşma tətbiq ediləcək. Layihəyə görə, məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qayıtmaq üçün şərait yarandıqda və ya işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdıqda statusları qüvvədə qalacaq.

Bundan əlavə, “məcburi köçkünlərə bərabər tutulan şəxslər” anlayışı üzrə yanaşma dəyişdirilir. Qanunvericiliyə əsasən, hazırda məcburi köçkünlər əvvəlki yaşayış yerinə qayıtdıqda və ya həmin regionda müəyyən edilmiş başqa yaşayış yeri ilə təmin olunduqda statuslarını itirirlər. Yeni dəyişikliklər isə əvvəlki yaşayış yerinə və ya həmin regionda təklif olunan yaşayış sahəsinə qayıtmaqdan imtina hallarını da statusun itirilməsi əsasları sırasına daxil edir.

Layihədə həmçinin qeyd olunur ki, məcburi köçkünlərin məskunlaşdırılması üçün yararlı yaşayış sahələri olmadıqda və ya müəyyən yaşayış məntəqələrində bu mümkün olmadıqda, onların başqa yaşayış sahələrinə köçürülməsi təklif edilə bilər. Bu proses zamanı digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmaması əsas şərt kimi göstərilir.

Keçid müddəalarına əsasən, qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış sahəsi ilə təmin olunmuş şəxslərin statusu qüvvədə saxlanılacaq. Dövlət və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlərin təhsil haqqının ödənilməsi də təhsilini başa vurana qədər davam etdiriləcək.

Gununsesi.info