“Məclis Azərbaycana hərbi qüvvələrin göndərilməsini səs birliyi ilə təsdiqləyəcək” - AKP millət vəkili (MÜSAHİBƏ)

  • By admin
  • 17 Noyabr 2020 16:37

Bir az sonra Türkiyə Böyük Millət Məclisində Azərbaycana hərbi qüvvələrin göndərilməsi ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən göndərdilən memorandumun müzakirəsi başlayacaq. Sənəd Dağlıq Qarabağda yerləşdiriləcək Rusiya sülhməramlıların fəaliyyətinə nəzarət etmək üçün Türkiyə-Rusiya birgə Monotorinq Mərkəzində olacaq hərbi heyəti təsdiq etməlidir. Müzakirələrdən bir qədər əvvəl Milliyətçi Hərakat Partiyasının başqanı Dövlət Baxçalı partiya olaraq sənədi dəstəkləyəcəklərini bəyan edib.

Hazırda Türkiyədə səfərdə olan “Gununsesi.info” saytının baş redaktoru toplantıdan əvvəl hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili İbrahim Aydəmirlə görüşüb və onun fikirlərini öyrənib:

– Sizinlə görüşümüz çox gözəl bir zamana təsadüf etdi, Azərbaycan təxminən 30 il sonra Qarabağın işğalda olan əhəmiyyətli hissəsini və ətraf rayonların hamsını geri qaytardı. Azərbaycanla yaxın olan, ölkəmizi tanıyan bir millət vəkili olaraq bu haqda sizin fikirləriniz nədən ibarətdir?

– Əvvala sualınız üçün çox təşəkkür edirəm. Mən Azərbaycana gedib gəldikcə mətbuatın, qəzetlərin üzərinə çox ciddi vəzifələr düşdüyünü görürəm. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyevin BBC müxbirinin mətbuata yaraşmayan tənqidi suallarına çox tutarlı cavab verib həddini bildirməsini məmuniyyətlə xatırlayıram. Həm Türkiyədə, həm Azərbaycanda jurnalistlərimiz azad şəkildə yayımlar edirlər. Azərbaycanda xüsusilə internet mediasında çox ciddi irəliləyişlər olduğunu həvəslə izləyirəm. Azərbaycanda 1988-ci illərdən başlayan bir dönəm davam edir. 30 ilə yaxın tarixdə torpaqları işğal etmiş erməniləri müdafiə edən, onun arxasında duran qüvvələr vardı. İndi onların hamsını pərt etdik. Əlbəttə, bunu Azərbaycanın igid övladları, Azərbaycanın Ordusu etdi, başda cənab prezident olmaqla Azərbaycanın siyasətçiləri bacardı. Biz də başda prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə Cümhuriyyəti olaraq çox ciddi şəkildə Azərbaycanımızın arxasında durduq. Azərbaycan bizim üçün Türkiyə məsafəsində, ölçüsündə bir dövləti ifadə edir. Dövlətimiz Azərbaycan xalqının yaşadığı sıxıntıları, iztirabları həmişə ürəyində hiss edir. Ona görə də Dağlıq Qarabağı yenidən azadlığına qovuşması üçün nə lazım idisə, etdik. Belə də olması lazım idi. Çünki yeddidən yetmişə insanlarımızın hamısı, 82 milyonluq Türk millətinin fərdləri ürəklərinin Azərbaycanın arxasına qoymuşlardır. Qarabağ torpaqlarını tərk edənlər 30 ildir evlərinin açarlarını ciblərində saxlayırlar. Təbii ki, onları sahiblənmək, dəstəyimizi arxalarına almaq məcburiyyətindəyik. Etdik, etdiyimiz üçün də fəxr edirik. Sonuna qədər də Azərbaycanla bərabər olacağıq. Sadəcə Dağlıq Qarabağ mövzusunda deyil, bundan sonra bütün zamanlarda da dəstək olacağıq ki, Azərbaycan zirvələrə ucalsın.

– Türkiyə Azərbaycanı dəstəklədiyinə görə Avropdan, Qərbdən ciddi təzyiqlərlə üzləşdi. Amma buna baxmayaraq, geri çəkilmədi…

– Əlbəttə, sadəcə Avropa deyil, bütün dünya basqı edirsə etsin, bunun əhəmiyyəti yoxdur. Bu günə qədər – 18 ildə hörmətli prezidentimiz nə edə bilirsə, onu edir. Bizə qarşı dayanmağın, yaxud arxadan bıçaq vurmağın heç bir əhəmiyyəti yoxdur. Bizim igidcə bir duruşumuz var. Çünki genetik olaraq Türk millətinin genində bu igidlik var. Yəni haqqı, ədaləti üstün tutan bir millətik. Biz kimsəyə zülm etmərik , əlhəmdülillah, amma bizə qarşı haqsızlıq varsa, layiqli şəkildə cavabını alır. Azərbaycanımıza qarşı böyük haqsızlıq edilib, milyonlarla insanımız torpağından, yurdundan, yuvasından, evindən zorla köçürülüb. Onların yenidən yurd-yuvaasına dönməsi lazımdır, onun üçün üçün də nə etmək lazımdırsa, biz Türkiyə Cümhuriyyəti olaraq, hörmətli prezidentimizin siyasəti, liderliyi ilə edəcəyik. Cənab prezident İlham Əliyevin, Azərbaycanımızın arxasında durmuşuq. Şükür edirik ki, Azərbaycan ordusunun igid övladları möhtəşəm bir duruş göstərərək savaşdılar. Savaş meydanında ermənilərə dərsini verdilər. Bundan sonra onlar tərəfdən bir hərəkət olarsa, min betərini yaşayarlar.

– Qarabağda əməliyyatlar dayandı, üçtərəfli atəşkəs razılaşması oldu. Rus ordusunun Qarabağa gəlməsindən sonra Azərbaycanda gözləntilər var ki, Türkiyə ordusu Qarabağda hansı formada olacaq, hansı statusda prosesdə yer alacaq. Bununla bağlı fikirləriniz maraqlıdır.

– Bu gün Məclisimiz bu mövzuda bir sənədi müzakirə edəcək və Azərbaycandakı sülhyaradıcı gücü içərisində yer almağımızı təsdiq olunacaq. Mən səs birliyi ilə belə bir qərarın alınacağını bilirəm. Ən azından, dörd partiya buna dəstək verəcək. Bu qərar çıxdıqdan sonra İnşaallah Azərbaycanda, Dağlıq Qarabağda barışın, sülhün davam etməsi, Azərbaycanın tərk etdiyi torpaqlara yenidən rahat, huzur içərisində geri qayıtması üçün nə lazımdırsa ediləcək. Türkiyə Cümhuriyyətinin prosesdə iştirakı, olmazsa olmazdı. Bunu prezident İlham Əliyev hər dəfə qeyd edir. Çünki bütün dünya bilir ki, biz tərəf tutmuruq , haqqın, ədalətin yanındayıq. Bəli, Azərbaycan, orada yaşayan insanlar bizim qardaşlarımız, soydaşlarımızdır. Amma haqsızlıq olardısa, orada olmazdıq. Azərbaycanın bu məsələdə çox böyük bir haqq var. Haqq Azərbaycandan yanadır, bizdə onun haqqı yenilməsin deyə nə lazımdırsa, edəcəyik.

– Azərbaycana göndəriləcək heyətin, texnikanın sayı barədə məlumatınız varmı?

– Bu barədə gələcəkdə xarici işlər və müdafiə nazirliklərimiz lazım olan açıqlamaları verəcəklər. Biz hər hansı bir rəqəm səsləndirsək, doğru olmaz. Hər şey tam dəqiqləşdikdən sonra ortaya çıxacaq. Amma dəqiq olan budur ki, Türkiyə Cümhuriyyəti Rusiya ilə bərabər o bölgədə sülhü, barışı təmin edəcək. Kontrol mexanizmlərinin birinci pilləsində Türkiyə Cümhuriyyəti olacaq.

Pərviz Həşimli
Ankara

Gununsesi.info