Məhəmmədhüseyn Şəhriyar sevgisi uğruna sürgün edildi

  • By admin
  • 02 Avqust 2019 17:58

Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) həyat barədə bir sıra maraqlı məlumatlar topladıq.

Gununsesi.org Şəhriyarla bağlı 10 maraqlı faktı təqdim edir:

1. Şəhriyarın atası Hacı Mirağa Xoşginabi dövrünün tanınmış hüquqşünaslarından biri olub.

2. O, tələbəlik illərində Sürəyya adlı bir qızı sevib. Lakin Rza şah Pəhləvinin yaxın qohumu Əbdülhüseyn Teymurtaş Sürəyyaya aşiq olduğu üçün onları ayırıb.

3. Deyilənə görə, Əbdülhüseyn Teymurtaş Sürəyyanı Şəhriyardan tam uzaqlaşdırmaq üçün şairin Nişapura sürgünə göndərilməsinə nail olur. Başqa bir iddiaya görə, onun sürgün edilməsinə səbəb Rza şah rejimini tənqid edən qəsidə yazmasıdır.

4. Bir dəfə Şəhriyarla Sürəyya Behcətabad parkında görüşməklə bağlı razılığa gəlirlər. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma Sürəyyanı gətirmirlər. Elə həmin gecə “Behcətabad xatirəsi” qələmə alınır:

“Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı”.

5. Məşrutə inqilabı illərində ailəsi onu Heydərbaba dağının ətəklərindəki Xoşginab kəndinə, nənəsinin yanına göndərir. Bu, sonralar Şəhriyarın “Heydərbabaya salam” kimi möhtəşəm bir poema yazmasına səbəb olur.

6. Seyid nəslindən olan Məhəmmədhüseyn Behcəti Şəhriyar təxəllüsünü görkəmli sufi şair Hafizin divanından götürüb.

7. Şairin adını və “Heydərbabaya salam” poemasını Türkiyəyə M.Ə.Rəsulzadə təqdim edib, tanıtdırıb.

8. Şəhriyar ömrü boyu həsrətində olduğu Quzey Azərbaycanı görə bilməyib.

9. M.P.Vaqifin 250 illik yubileyində Azərbaycan Yazıçılar İttifaqı Şəhriyarı Bakıya dəvət edib, lakin ona süni əngəllər yaradılıb və şairin böyük arzusu həyata keçməyib.

10. Şəhriyar “Heydərbabaya salam” şeirini fars dilinə tərcümə etməyə çalışsa da, bunu bacara bilmədiyini və mümkünsüz olduğunu deyirdi.

Bonus: Araşdırmaçı Əhməd Kavianpur “Ustad Şəhriyarın ədəbi və ictimai həyatı” monoqrafiyasında şairlə şəxsən söhbət edən Bəhruz Siyahpuşun bu xatirəsini qələmə alıb:

“Əbdülhüseyn Teymurtaş həbsxanadakı məmurlara deyibmiş ki, Şəhriyarı orada öldürsünlər. Pərinin anası Teymurtaşa yalvarıb ki, bu yazıq seyidin günahı nədir ki, ölümünə çalışırsınız? Cəddi bizi tutar, əlinizi qana batırmayın! Teymurtaş cavab verir ki, onu bir şərtlə öldürmərəm, Tehrandan çıxıb getsin.

Ustad söyləyir ki, Əbdülhüseyn Teymurtaşın SSRİ-nin Mərkəzi Təhlükəsizlik İdarəsi ilə əlaqəsi var idi. O, 1933-cü ildə rüşvət almaqda ittiham edilir. Elə həmin il Tehranın Qəsr zindanında zəhərlənib öldürülür.

Sonra ustaddan soruşdum ki, Teymurtaş çox qüdrətli, güclü adam idi, necə oldu ki, öldü? Şəhriyar dedi ki, onu mənim cəddim öldürdü”.

Gununsesi.org