Məhbus təcridxana rəisini məhkəməyə verir

  • By admin
  • 06 Yanvar 2021 18:45

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin keçmiş cangüdəni Niyaməddin Əhmədovun ailə üzvləri ilə telefonla danışmasına və görüşməsinə 9 aydır icazə verilmir.

Məlumata görə, istintaq təcridxanasında saxlanılan Əhmədov ailə üzvləri ilə görüş və telefon danışığı hüquqlarının təmin edilməsi üçün növbəti dəfə məhkəməyə müraciət edib. Atası Arif Əhmədov bildirib ki, 9 aydır ailəsi onunla əlaqə yarada bilmir.

“Bizim müraciət etmədiyimiz yer qalmayıb. Təqsirsiz gənci həbs ediblər, indi isə anası ilə danışmasına belə icazə vermirlər”, – deyə Arif Əhmədov bildirib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, aprelin 16-da Xətai rayon məhkəməsi AXCP fəalı Niyaməddin Əhmədovu karantin qaydalarını pozma və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edib.

 

Hüquq müdafiəçiləri N.Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Gununsesi.org