Məhkəmə ədalətli qərar verəcəkmi? – SAKİNLƏR ZƏBT EDİLMİŞ YOLUN AÇILMASINI TƏLƏB EDİR

  • By admin
  • 06 Avqust 2021 14:30

Xəzər rayon Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsindəki ictimai yola birbaşa çıxan yolun boşaldılması tələbi üzrə işə baxılır.

Gununsesi.info bildirir ki, məhkəməyə səbəb isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsində yerləşən əsas ictimai yola çıxan yol sakinlərdən biri tərəfindən zəbt edilməsidir.

Qeyd edək ki, yolun bağlanması həmin ərazidə yaşayan digər sakinlərin böyük narazıçılığına səbəb olub.

Mübahisəli yolun sakinlərdən biri tərəfindən özbaşına tutulması iddiaçı Qasımov Zəki Səfa oğlunu və onun ilə yanaşı həmin ərazidə yaşayan digər sakinləri olduqca əlverişsiz vəziyyətə salıb.

Belə ki, iddiaçı və onun qonşuları öz evlərinə çox çətinliklə, yalnız uzun kəsik çətin yollarla çata bilir. Xüsusi ilə qış aylarında bağ evinə və digər fərdi yaşayış evlərinə çatmaq qeyri-mümkündür. İddiaçının mülkiyyətindəki bağ evinə birbaşa yolun olmaması, həmin əraziyə uzun kəsik yollar ilə daxil olması səbəbindən iddiaçı uzun zamandır öz torpaq sahəsində tikintilər və abadılıq işləri apara bilmir. Çünki, daş, beton və digər tikinti materialları daşıyan yük maşınları həmin əraziyə birbaşa gəlib çata bilmirlər. Tikinti işləri aparmaq qeyri-mümkündür. Bir çox tikinti ustaları məhz yol səbəbindən həmin ərazidə iş aparmaqdan imtina ediblər. Nəticədə, vətəndaşın torpaq sahəsi boş qalıb.

Yolun zəbt edilməsi səbəbindən həmin əraziyə təcili tibbi yardım, yanğın söndürmə və s. təcili xidmət avtomobilləri gəlib çıxa bilmir. Sakinlərin həyat və sağlamlığı təhlükə altındadır.

Bağ evinə gedən və ümumi istifadədə olan birbaşa yolun zəbt edilməsi, həmin ərazidə yerləşən bağ evlərinin və fərdi yaşayış evlərinin bazar dəyərini kifayət qədər aşağı salır. Bir sözlə, sakinlər öz evlərini satmaq istədikdə, onu öz dəyərindən qat-qat aşağı qiymət satmaq məcburiyyətində qalır. Bir çox alıcılar məhz yolu səbəb göstərərək, bağ evinə onun dəyərindən qat-qat aşağı qiymətə razılıq verir.

Mövcud vəziyyətdən ciddi narahat olan qonşular Xəzər rayonu İcra Hakimiyyətinə, Xəzər rayonu Şüvəlan bələdiyyəsinə, Şüvəlan qəsəbəsi inzibati dairə üzrə nümayəndəliyinə, Xəzər rayon prokurorluğuna, Xəzər rayon Polis İdarəsinə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə və Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etdilər.

​Öz müraciətlərində sakinlər yolun zəbt edilməsi məsələsi ilə bağlı ətraflı və dolğun araşdırmanın aparılmasını və aparılmış araşdırmanın nəticələri ilə bağlı sakinləri tanış etmələrini, mübahisəli əraziyə baxış keçirilməsini və yolun zəbt edilməsi ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət etmələrini həmin orqanlardan xahiş etmişdilər.

Lakin həmin orqanlardan adekvat cavab ala bilməyən iddiaçı məhkəməyə üz tutmalı olmuşdur.

Xatırlatmaq istəyirik ki, eyni problem ilə bu yaxınlarda Milli Məclisin deputatı Fazil Məmmədov Baş Prokurorluğa müraciət etmişdir. Öz müraciətində deputat bildirmişdir ki, bağ evi sahiblərinin hüquqları kobud şəkildə pozulur, onların dənizə, ictimai yola birbaşa çıxan yolları qanunsuz olaraq zəbt edilir. Buna son qoymaq lazımdır.
Gununsesi.info