Məhkəmədə ədalət adına rəzalət: Hakim nazir oğlunun sifarişi ilə qərar verdi

Bakı Apellyasiya Məhkəməsində Vəkillər Kollegiyasının üzvü, vəkil Bəhruz Bayramovun ədliyyə naziri Fikrət Məmmədova müraciət etdiyi işlə bağlı məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, işə hakim Qürbət Əsgərovun sədrliyi ilə baxılıb. İş üzrə qarşı tərəfi Bakı Hüquq Mərkəzinin nümayəndəsi təmsil edib.

Vəkil Bəhruz Bayramov bildirib ki, 268 min 400 manat rəsmi şəkildə icraçıya ödənilib və icraçı da bunu götürüb.  Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi bunu ləğv edib:

“O zaman bu pullar hara ödənilib? Bu işdə qarşı tərəfi Bakı Hüquq Mərkəzi təmsil edir. Bu Mərkəz məhkəmələrə təsir edir. Mərkəzin təsisçilərindən biri ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovdur. Bunlar qabaqcadan hazırlanmış bir məsələdir. Bu işdə əmlakla bağlı qiymətləndirmə məsələsi var idi. Şəhərin mərkəzində Kazım Kazımzadə küçəsində 1 kv.m yeri aşağı qiymətə hesablamışdılar. Həmin vaxt hakimə qeyd edilən ərazi üzrə 400 elan təqdim etdim ki, araşdırıb baxsınlar, həmin ərazidə təmirsiz mənzilin 1 kv.m-i 1800 manatdan aşağı deyil. Onlar 1 kv. m-ni 1100 manata hesablayıblar. Bunlar hazırlanmış məsələlərdir. Qarşı tərəf bilir ki, məhkəməyə istənilən təzyiq formasından istifadə edə bilər. İstədikləri qanunsuz qərarı çıxararlar. Buradan cənab Prezident İlham Əliyevə müraciət edirəm. Bu barədə tədbir görülsün. Başa düşürəm ki, mənim vəkillik fəaliyyətimə xitam verə bilərlər. Qarşı tərəfə onu bildirmək istəyirəm ki, məni əbədi susdursunlar. Çünki hər gün bu haqsızlığa qarşı danışacam”.

İcra işi ilə bağlı materiallara görə, vəkil Bəhruz Bayramov Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23.08.2017-ci il tarixli İcra sənədi üzrə borclunun nümayəndəsi olaraq ödənişlər edildikcə, həmin ödənişləri rəsmi ərizə vasitəsilə hansı məhkəmə qərarı ilə bağlı tələbkara ödədiyi barədə rəsmi qaydada icraçıya təqdim edib.

Vəkil qeyd edib ki, 2018-ci ildən başlayaraq tələbkarın bank hesabına ödənilən (ümumilikdə 282 min 630 manat) vəsaitlərin qəbzi barədə məlumat verilib. Həmin müraciətlərdə rəsmi olaraq ödənişlərin məhkəmə qərarının icrası ilə bağlı olduğu vurğulanıb. B.Bayramov qeyd edib ki, bu ödənişlərin hamısının qəbzi icraçı tərəfindən qəbul olunub. O əlavə edib ki, qarşı tərəf həmin ödənişləri qəbul edib, buna münasibət bildirməyib.

Qeyd edək ki, bundan əvvəl vəkil Bayramov Bəhruz Front oğlu ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.

B.Bayramov müvəkkili N.H-nın ödədiyi 282 min 630 manat pulun Səbail Rayon İcra Məmuru Aslanov Aslan Fuad oğlu tərəfindən qeydə alınmadığını bildirib. Onun sözlərinə görə, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, 23.08.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borcluya məxsus Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 18, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115, mənzil 15, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi ev 115-də yerləşən 15 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi ev 99-da yerləşən 114 kv.m qeyri yaşayış sahəsi borcun qismən ödənilməsi hesabına tələbkara verilməli və onun adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edib.

Vəkil Bəhruz Bayramov nazirə ünvanladığı müraciətdə bunları qeyd etmişdi:

“Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı 23.08.2017-ci il tarixli İcra sənədi üzrə borclunun nümayəndəsi olaraq Səbail Rayon İcra şöbəsində icra işində iştirak etmişəm. 17.03.2018-ci il tarixdə Səbail İcra Şöbəsi icraata başladıqdan sonra icra məmurunun razılığı ilə tələbkarın bank hesabına ödənişlər edilib. Ödənişlər 21.04.2018-11.07.2019-cu il tarixləri əhatə edib. Ödənilən məbləğin qəbzləri rəsmi qaydada icra məmuruna təqdim olunaraq və qəbul olunub. Nümayəndəsi olduğum şəxsin tələbkar qarşısında hər hansı başqa öhdəlik, pul vəsaitinin ödənilməsinə dair icra sənədləri olmayıb. Ödənilən 282.630 manat pul vəsaitini Səbail Rayon İcra məmuru hesaba almır, ödənilən pul vəsaitlərinin təqdim olunan qəbzlərinə hər hansı münasibət bildirilmir. İcra məmuru qərarı vəsaitləri borclunun daşınmaz əmlaklarına yönəldir.

Cənab Nazir, sizə müraciətimdən sonra ümid edirəm ki, icra işi ilə bağlı baş vermiş bu ciddi qanun pozuntusu araşdırılacaq və bu iş üzrə ədalətli qərar qəbul ediləcək”.

Gununsesi.info