Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi - DİN-dən açıqlama-VİDEO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 112 nömrəli tam orta məktəbdə şagirdin döyülməsinə münasibət bildirib.

“Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb”.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”.

112 nömrəli tam orta məktəbdən isə saytımıza bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib:

“Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək, birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb”.

09:30

Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagird döyülüb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, şagirdlərdən biri digərini yumruq və təpik zərbələri ilə döyüb. Ətrafdakı şagirdlərdən biri isə bunu mobil telefonun kamerası ilə lentə alıb.

Görüntülərin Bakıda yerləşən 112 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

“Hazırda araşdırma aparılır”.

Gununsesi.info