Məktəbdaxili qaydalara yenidən baxılmalıdır -DEPUTAT

  • By admin
  • 27 Yanvar 2022 18:30

“Çox böyük təəssüf doğurur ki, son dövrdə məktəblərdə baş verən hadisələrlə bağlı videolar yayılır və həmin görüntülərdə daha çox şagirdlərin etdiyi nadinc hərəkətlər, bununla bağlı müəllimlərin pis vəziyyətə düşməsi əks olunur. Müəllimlər məsələyə müdaxilə edə bilmir və  biz xoşagəlməz hadisələrin şahidi oluruq”.

Gununsesi.info xəbər verir ki, bu  fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat qeyd edib ki, buradan belə bir qənaətə gəlmək olur ki, məktəblərdə kadr çatışmamazlığı var:

“Təəssüflər olsun ki, məktəb direktorları və məktəbdə təlim-tərbiyəni təşkil etməyə məsul olan direktor müavinləri bu işin öhdəsindən gələ bilmirlər. Son dövrlər müəllimlərin də müəyyən dərəcədə şagirdlərlə olan münasibətlərində problemlər yaşanır. Çünki son vaxtlar müəllimlər şagirdlərə hər hansı bir irad tutduqda, nəticə etibarilə müəllimlər günahkar görünür. Bu da istər-istəməz müəllimləri  müəyyən dərəcədə çəkindirir. Düşünürəm ki, məktəbdaxili qaydalara yenidən baxılmalı, şagirdlərlə psixoloq və təlim-tərbiyəyə məsul olan direktor müavinləri və direktorlar mütəmadi işləməlidirlər”.

Millət vəkili bu prosesə valideynlərin də cəlb olunmasını daha məqəsədəuyğun hesab edir:

“Əgər məktəb qaydalarına, nizam-intizam qaydalarına cavab verməyən şagirdlər varsa, onunla bağlı lazımi ölçülər götürülməlidir və həmin şagirdlər xüsusi təyinatlı məktəblərə köçürülməlidirlər. Düzdür, Təhsil Nazirliyi tərəfindən də bu məsələlər diqqətdə saxlanılır, ancaq görünən odur ki, çox böyük kadr çatışmazlığı var. Xüsusilə də, əvvəlki dövrlərdən fərqli olaraq məktəb direktorları, direktor müavinləri, psixoloqlar, sinif rəhbərləri sanki can yandırmırlar və şagirdlərin təlim-tərbiyəsinə müəyyən dərəcə nəzarət zəifləyib. Məncə, bütün ictimaiyyət, cəmiyyət olaraq bu məsələdə Təhsil Nazirliyi və məktəblərlə əməkdaşlıq etməli, bu cür problemlərin aradan qalxmasına birlikdə çalışmalıyıq. Çünki nəticə etibarilə olan bizim övladlarımıza, gələcəyimiz olan şagirdlərimizə olur. Biz onlara sahib çıxmalıyıq, həmrəylik nümayiş etdirməliyik”.