Məktəblərdəki ajiotaj “ulduz” xəstəliyinə tutulan şagirdlərin “şou”sudur

  • By admin
  • 29 Yanvar 2022 13:25

Son zamanlar məktəblərdə müəllimlərlə bağlı yayılan videolar hər kəsi narahat edir. Eyni zamanda, bir çoxlarını da düşündürür. Nədir bu ajiotajın səbəbi, müəllimi gözdən salmaq cəhdləri?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva məsələ ilə bağlı Modern.az-a bildirib ki, müəllimlik peşəsi çox şərəflidir:

“Müəllim müqəddəsdir. Uşaqların şəxsiyyət kimi formalaşmasında müəllimlərin əvəzsiz rolu var”.

Deputatın sözlərinə görə, onlar öz həyatlarını xalqın gələcəyinə həsr edirlər:

 

“Bu peşə həmçinin məsuliyyət tələb edir. Çünki gələcək nəsillərin böyüməsində və tərbiyəsində həlledici rol oynayırlar. Ulu öndər hər zaman deyirdi ki, müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini yalnız ona etibar edir. Nəzərə alsaq ki, müəllim gözünün nurunu, ürəyinin sevgisini , illərinin zəhmətini şagirdinə verir, o zaman müəllim ən yüksək ada və hörmətə layiqdir. Ona görə də müəllimin üzərinə bu qədər getmək doğru deyil. Hansısa sosial şəbəkələrdə yerləşdirilən videoları əsas götürüb müəllimi alçatmayaq. Obyektiv olaq, şiddət və tənbehi bir-biri ilə qarışdırmayaq”.

K.Əliyeva bildirib ki, yanlış hərəkətimizə görə hər birimizi valideyimiz tənbeh də edib, lazım gələndə qulağımızı da çəkib:

“Müəllim hər bir şagirdinə öz övladı kimi yanaşır. Onu tərifləyə, lazım gəlsə səhv hərəkətinə görə tənbeh də edə bilər. Bu şiddət deyil. Valideynlər də məsuliyyətli olmalıdılar. Öz vəzifələrini yerinə yetirməlidilər. Yəni, öz övladlarına müəllimə qarşı sevgi, hörmət aşılamağı öyrətməlidilər. Əlbəttə ki, müəllim də öz davranışı, danışığı, geyimi, rəftarı, əxlaqı və ən əsası biliyi və savadı ilə nümunə olmalıdır”.

Deputat qeyd edib ki, son günlər müəllim-şagird münasibətlərini bu cür mənfi şəkildə şişirtməyə heç bir lüzum yoxdur:

“Mənə elə gəlir ki, bu məsələdə Təhsil Nazirliyini günahlandırmaq düzgün deyil. Çünki Təhsil Nazirliyi məktəb-müəllim və şagirdlərlə əlaqədar baş verən hər bir hadisəyə operativ reaksiya verir, onu araşdırır. Bu kimi hadisələri bütün məktəblərə şamil eləmək olmaz. Təəssüflər olsun ki, bəzi məktəblərdə neqativ hallar müşahidə edilir. Bu da müəllim-şagird-valideyn arasında münasibətlərin düzgün qurulmamasından irəli gəlir”.

K.Əliyeva qeyd edib ki, bu cür hadisələrin konkret kimlər tərəfindənsə qəsdən yönəlməsinə inanmır:

“Aydındır ki, bu videolar şagirdlərin özləri tərəfindən çəkilir və sosial şəbəkələrdə də şagirdlər tərəfindən paylaşılır. Mənə elə gəlir ki, yeniyetməlik dövrünü yaşayan şagirdlərin sosial şəbəkələrdəki belə deyək, şıltaqlıqlarıdır. Bu məsələlərin də belə şişirdilməsi müəllim-şagird münasibətlərinə mənfi təsir göstərə bilər. Bu münasibətlərin daha da möhkəmlənməsi istiqamətində işlər görək, onları paylaşaq”.

Bakı Dövlət Universitetinin professoru, tanınmış jurnalist Qulu Məhərrəmli məktəb, təhsil geniş sahəni əhatə etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, ölkədə və o cümlədən, Bakı şəhərində  məktəblərin sayı kifayət qədərdir və bunların hərəsində gündəlik xoşagəlməz nəsə ola bilir:

“Heç kim yaxşı nümunələri paylaşmır. İnsanlar hamısı nöqsanları yaymağa çalışır. Əlbttə ki, bu cür videoları yaymağın bir məqsədi var: Məktəbi, təhsili gözdən salmaq. Neqativləri yaymaq. Azərbaycan məktəbi haqqında yanlış təsəvvür yaratmaq”.

Q.Məhərrəmli fikrincə, bu videolarla da sanki belə fikir yaranır ki, məktəblərin hamısında neqativ hallar var, müəllimlər şagirdlərə təzyiq edir, şagirdlər özlərini pis aparır və s:

“Buna da ancaq təəssüflənmək olar. Bu cür videolar əltəttə ki, konkret məqsədlə paylaşılır və yayılır. Bu cür videoların heç bir əhəmiyyəti, mənası yoxdur. Yəni, bu videolar nəyi təlqin edir, hansı məqsədi güdür, arxasında hansı “işıq” dayanır, bütün bunları görmək olmur. Yalnız qaranlıq, yalnız neqativ, məktəbi, təhsili, müəllimi , ümumiyyətlə sistemi gözdən salmaqdır”.

Professor bildirib ki, media bunlara ciddi diqqət yetirməlidir:

“Çünki bir şeyi çox müzakirə elədikcə, o başqalarını da həvəsə gətirir, stimullaşdırır. Bəzən belə şeyləri süni şəkildə təşkil edib, çəkib yayırlar. Ciddi məsələlər varsa, burada diqqət yetirmək lazımdır. Amma bəzən çox mənasız epizodlar var ki, bunları bu qədər yaymaq, münasibət bildirməyin özü də məqsədəuyğun deyil”.

Təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, bu videoların yayılması yaxşı hal deyil.

Onun sözlərinə görə, bu kimi videolar bizim təhsilimizə, müəllimlərin nüfuzuna zərbədir:

“Biz müəllimin nüfuzunun qaldırılmasından danışırıq, təbliğ etməyə çalışırıq, bir yandan da belə xoşagəlməz videolar yayılır.

Bu videolar telefon vasitəsilə çəkilir. Bunları çəkən məktəblilərdə “ulduz” xəstəliyi var. Təhsildə uğuru olmayanlar, özlərini belə göstərməyə çalışırlar. Çəkdikləri videoları sosial şəbəkələrdə paylaşırlar ki, məşhurlaşsınlar. Bunun qarşısını almaq çətin məsələ də deyil. Hələ illər əvvəl mobil telefonların məktəbə gətirilməsi ilə bağlı dəfələrlə məsələ qaldırılmışdı. İndi bunu belə izah edirlər ki, valideyn uşaqla əlaqə saxlamaq üçün ona telefon verir. Dünya təcrübəsi var. Bu bizdə olan bəzi məktəblərdə də həyata keçirilir. Uşaqlar məktəbə daxil olanda telefonlar yığılır və dərslər bitəndən sonra şagirdə təhvil verilir. Bu nə böyük işdi ki, bunu məktəblərdə edə bilmirlər”.

Ekspert vurğulayıb ki, burada söhbət təkcə video çəkməkdən getmir:

“Dərslərdə də olmuşuq və müşahidə aparmışıq ki, heç video çəkməyən də şagird dərs saatında telefonla məşğul olur. Bu təhsilin kefyiyyətinə təsir edir. Onun diqqətini yayındırır.
Yeniyetmələr tərəfindən çəkilən bu videolar təhsilimizin nüfuzuna böyük xələl gətirir. Ona görə telefon məsləsi birmənalı şəkildə həll olunmalıdır. Bu proses bütün məktəblərdə həyata keçirilərsə, bu kimi halların qarşısı alınacaq”.

Gununsesi.info