Məktəbli forması: təhsilin problemi, yoxsa intizam məsələsi?

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2026 12:40

21 sentyabr 2026-cı ildə Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində şagird geyim formaları ilə bağlı yeni dəyişikliklər qəbul edib.

Qərarla vahid formanı pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi, valideynlərin də uşaqlarının geyim tələblərinə əməl etməsini təmin etməsi müəyyənləşdirilib.

Eyni zamanda milli-mədəni tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən istifadə imkanları saxlanılıb.

Ümumiyyətlə, məktəbdə müəyyən geyim standartının olması normaldır, lakin geyim standartının təhsilin özündən daha vacib məsələyə çevrilməsi düzgün deyil.

Vahid məktəbli forması müəyyən üstünlüklərə malikdir. İlk növbədə, məktəb mühitində sosial fərqlərin geyim üzərindən nümayiş etdirilməsini müəyyən qədər azalda bilər.

Şagirdin geyiminə görə deyil, davranışına və biliyinə görə qiymətləndirilməsi üçün daha neytral mühit yarada bilər. Bundan başqa, məktəb forması məktəbin institusional kimliyini və intizamını gücləndirə bilər.

Amma burada mühüm bir sərhəd var ki, o da intizamla formalizm eyni şey olmamasıdır.

Əgər şagirdin dərsdəki uğurundan, müəllimin peşəkarlığından, məktəbin maddi-texniki vəziyyətindən daha çox onun köynəyinin modelinə, geyimin hansı detalının formaya uyğun olub-olmamasına diqqət yetirilirsə, prioritetlər qarışır. Təhsil sisteminin keyfiyyətini məktəbli formasının vahidliyi müəyyən etmir.

Üstəlik, 2022-ci ildə təsdiq edilmiş qaydalarda formanın təbii və keyfiyyətli parçadan hazırlanması və şagirdin sağlamlığına mənfi təsir göstərməməsi də nəzərdə tutulmuşdu. Bu yanaşma əslində daha vacib sualı ortaya çıxarır. Dəqiq desək, forma sadəcə vahid görünüş yaratmalıdır, yoxsa uşağın rahatlığını da təmin etməlidir?

Məncə, ikinci məsələ birincidən üstün tutulmalıdır.

2026-cı ilin iyulunda qanunvericiliyə edilən dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi ayrıca təsbit olunub. Bu isə məsələnin artıq sadəcə “məktəbli formasının rəngi və modeli” məsələsi olmadığını, məktəb mədəniyyətinin bir hissəsinə çevrildiyini göstərir.

Burada məncə ən düzgün yanaşma “forma olsun, amma formaçılıq olmasın” prinsipidir.

Məktəbli formasının olması mümkündür. Lakin uşağın formasının kiçik detalına görə danlanması, dərsdən və ya məktəb həyatından kənarlaşdırılması kimi yanaşmalar təhsilin məqsədinə zidd nəticə verə bilər. Uşaq məktəbə qorxu ilə deyil, öyrənmək həvəsi ilə gəlməlidir.

Daha bir məsələ var. Valideynin üzərinə də məsuliyyət qoyulur. Yeni qərarda valideynlərin uşaqlarının geyim tələblərinə riayət etməsini təmin etməli olduğu göstərilir. Bu, prinsip etibarilə başadüşüləndir. Lakin sosial və iqtisadi imkanları müxtəlif olan ailələr nəzərə alınmadan sərt yanaşma tətbiq edilərsə, forma məktəbdə bərabərlik yaratmaq əvəzinə əlavə maliyyə yükünə çevrilə bilər.

Elmar
Gununsesi.info