Məlahət İbrahimqızı: Erməni ordusunu kütləvi olaraq tərk edən on minlərlə əsgər bilir ki…

  • By admin
  • 05 Oktyabr 2021 09:51

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Gununsesi.info-ya müsahibəsində ölkə başçısı İlham Əliyevin Qarabağ bölgəsinə səfəri zamanı bəyanatlarını  şərh edib.

 

Məlahət xanım,  Prezident Suqovuşana səfəri zamanı həmişə olduğu kimi çox önəmli məqamlara toxundu. Bunlardan biri də Ermənistanın keçmiş prezidenti Serjs Sərkisyanla bağlı idi. Bununla bağlı Sizin fikirlərinizi bilmək istərdik.

–  Öncə qeyd edim ki, möhtərəm Prezidentimizin müsahibə və çıxışlarını nəinki Azərbaycan və Türkiyə ictimaiyyəti bütövlükdə bölgə ictimaiyyəti, xarici mətbuat səbirsizliklə gözləyir və bu cıxışlar çox diqqətlə izlənilir. Çünki, bütün bu müsahibə və çıxışlarda hər dəfə gündəmi müəyyən edən, mətbuatın baş xəbərinə çevrilən mesajlar səslənir. Onu da deyim ki, möhtərəm cənab Prezidentimizin fəaliyyəti və onun çıxışları Ermənistan ictimaiyyəti və mediasının da diqqət mərkəzindədır. Sadə erməni xalqı çox gözəl dərk edir ki, bir xalq olaraq onların taleyi Azərbaycan dövlətindən, onun humanist Prezidentindən asılıdır. Ermənistan dövlətinin rəhbərliyi və siyasətçiləri də bu gerçəkliyi anlıyırlar və bilirlər ki, artıq Ermənistanın Baş Naziri kapitulyasiya Aktına imza atıbdır. Bu mənada qalib dövlətin, qalib Rəhbəri ilə,onun şərtləri ilə razılaşmaq məcburiyyətindədir. Təbi ki, onların və onları dəstəkləyən qüvvələr üçün də Azərbaycandan gələn mesajlar çox önəmlidir. Yeri gəlmişkən deyim ki, hər dəfə möhtərəm cənab Prezidentin Ermənistana və onların havadarlarına yönəlik sərt və reallığa əsaslanan mesajları səslənən kimi, vaxt keçmədən əks tərəfdən reaksiya gəlir. Cənab Prezidentin Suqovuşandakı çıxışına, ilk reaksiyalardan biri, daha doğrusu ilk üzrhaxlığı Ermənistanın eks prezidenti Köçəryandan gəldi. Həqiqətən də bütün bunlar güclü və haqlı olmağımızın nəticəsidir.
Qaldı Xocalı qatili, əli azərbaycanlı uşaqlarının, qadınlarının, günahsız insanların qanına boyanmış, Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı törədilmiş bir sıra ağır cinayətlərin təşkilatçısı və icraçısı olan cəllad Serjslə bağlı mesajlara… Əslində qatil Serjsin törətdikləri cinayətlər, xüsusən də Xocalıda törədilən qətliyam beynəlxalq təşkilatlar üçün qara ləkə və utancverici bir haldır. Bu cinayətkar illər uzunu Avropada, ABŞ-da AŞPA, ATƏT, Avropa Parlamenti, BMTnin ofislərində sərbəst gəzəndə ona heç vaxt törətdiyi və beynəlxalq onun mətbuatda etiraf etdiyi bu cinayətlə bağlı bir dəfə də olsun sual vermədilər. Əksinə ayağının altına qırmızı xalçalar açaraq, axtarışda olan bu cinayətkardan müxtəlif mükafat və rüşvət almaqla məşğul idilər. İnsan haqqları, demokratiya dəyərlərini ancaq Azərbaycan və Türkiyədə axtaran bu ikiüzlü beynəlxalq qurum və siyasətçilər, yüzlərlə günahsız qətlə yetirilmiş canların hesabının Allah tərəfindən və haqqı və ədaləti tələb edən Azərbaycan dövləti tərəfindən bir gün tələb olunacağını bilmirdilərmi.
Amma belə qatilıər və onları dəstəkləyənlər üçün haqq və ədalət məfhumu ancaq kağız üzərində olmuşdur. Bəli o hesab günü keçən il Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Milli Ordumuzun şücaəti ilə qazandığımız Zəfər günü idi. Bilirsiz keçən ili müharibə bitəndən sonra möhtərəm Prezidentimiz çıxışlarının birində demişdir ki, bizim müharibəmiz bitdi, lakin mübarizəmiz davam edir. Bəli bizim mübarizəmiz azərbaycanlıların və türklərin qanına susamış Serjs və onun kimi cinayətkarlara qarşı davam edir. Müharibənin də öz qanunları var. Birincisi Ermənistanın təcavüzkarlıq siyasəti Azərbaycana qarşı elan edilməmiş və işğalçılıq müharibəsi idi. Qeyd etdiyim kimi yüzlərcə günahsız mülki insanların öldürülməsinə, Xocalı qətliyamına və Gəncə, Bərdə, Tərtər, Naftalan, Mingəçevir, Goranboy, Qəbələ kimi cəbhədən çox uzaqda törədilən terrora və müharibə cinayətlərini törədənlər mütləq hüquq qarşısında cavab verəcəklər. Bildiyimiz kimi bütün bunlarla Baş Prokurorluq tərəfindən cinayət işi açılıbdır. Hesab edirəm ki, işlər yekunlaşdıqdan sonra müvafiq beynəlxaql qurumlara təqdim ediləcəkdir.Biz mübarzəmizi sona qədər aparacağıq.

– Məlahət xanım, İlham Əliyev  Suqovuşanda çıxış edərkən erməni ordusundakı xaos və fərariliyə də toxundu…

 

– Sözsüz ki, ötən dövr ərzində möhtərəm cənab Prezident bütün çıxışlarında Ermənistan hakimiyyətində, erməni ictimaiyyətində baş verən prosesləri o qədər dəqiqliklə təhlil edir ki, bəlkə də ermənistan rəhbərliyi öz ölkəsinin ictimai-siyasi proseslərin vəziyyətini bu dərəcədə dərk etmirlər. Bilirsiniz, Ermənistan rəhbərliyi hər zaman öz xalqına yalan danışır, onları aldadıblar. Möhtərəm Prezidentimiz erməni ordusunda olan hərc-mərclikdən, korrupsoya və total rüşvətxorluq, satqınçılıq və nəhayət on minlərlə əsgər və hərbiçinin fərarilik haqqında bir daha bölgə ictimaiyyətinə çatdırdı. Təssəvvür edin müharibənin təkcə ilk günündə Suqovuşan- Talıs istiqamətində döyüşlər zamanı Rusiya mətbuatının verdiyi məlumata görə Hadrud ətrafında on beş mindən çox əsgər və zabitlər öz mövqelərini qoyub qaçdılar. Yəni onlar anladılar ki, bu torpaq onların vətəni deyil. Vətən məfhumu o qədər dərin mənaya malikdir, o insanların genetik yaddaşlarında formalaşmış bir istəkdir, sevgidir, duyğudur. Vətən pulla alınmır. İnsan yaşadığı torpağa və ya əraziyə vətən demir. İnsan anlayanda ki, onun ayağı altındakı torpaq uğrunda qanlar axıdılıb və ya dədələrin ruhu gəzir, onda dərk edir ki, bura vətən torpağıdır. Abbas Səhhət “…Vətən əcdadlarımızın məskınidir…” misrasını söz gəlişi deməyibdir. Biz azərbaycanlıları da vətənə bağlayan bu ruhdur, bu sevgidir.
Bu mənada erməni ordusunu kütləvi olaraq tərk edən on minlərlə əsgər bilir ki, nəinki Qarabağ hətta indiki Ermənistan ərazisi belə onların vətəni deyil. Müxtəlif xarici və erməni mətbuatının verdiyi məlumata görə bu müharibə dövründə erməni tərəfindən guya altmış minə yaxın hərbi qulluqçu və əsgər olmuşdur. Sözsüz ki, bunun əksəriyyəti xarici muzdurlar və terrorçular idi. Deməli erməni ordusunun hər üçüncü və ya dördüncüsü fərari olmuşdur. Bu rəqəm özlüyündə Ermənistanda baş verən xaos, eləcə də bir çox problemlərin cavabıdır. Ən önəmli cavablardan biri Ermənistanda ordu deyilən bir qurumun olmaması, əvəzində isə quldur və ayrı-ayrı cinayətkar dəstələrin olmasını göstərir. Erməni ordusunun təchizatına ayrılan bütün pulları uzun illər hakimiyyətdə olan Serjs Sarkisyan və onun cinayətkar komandası mənimsəyibdir. Əvəzində isə Rusiyadan ucuz qiymətə istifadə müddəti bitmiş və köhnə model silahlar alınıbdır. Bunu keçən il müharibə vaxtı Paşinyan da etiraf etdi. Mövqelərdə öz əsgərinin ayağına zəncirlə bağlayan bir ordunu ordu adlandırmaq olarmı..Ona görə Ermənistanda gənclər kütləvi olaraq ölkəni tərk edir.

  Prezidentin toxunduğu məsələlərdən biri də bəzi beynəlxalq təşkilatlar oldu. Xüsusən ATƏT-in İnsan Haqları və  Demokratik Təsisatlar Burosu haqqında, bu barədə nə deyə bilərsiz?

 

– Həqiqətən də Ermənistanda son seçkidən öncəkində seçki rəzaləti, hədə-qorxu ilə, total saxtakarlıqla müşaiyət olunurdu. 2018-ci il Sarkisyanın son seçkisinin nəticələrinin beynəlxalq təşkilatlar, xüsusilə,  ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Burosu tərəfindən tanınması, onun demokratik seçki adlandırılması bu təşkilatların iflası və ya bu seçki cinayətinə şərik olmaq demək idi. Möhtərəm Prezidentimiz istər Azərbaycanda, istərsə də, xaricdə ən yüksək kürsülərdə çıxışlarında hər zaman bu məsələlərə kəskin münasibət bildirir. ATƏT-in Minsk Qrupunun, faktaraşdırıcı və monitorinq qruplarının yarıtmaz fəaliyyətinə qarşı, O hər zaman onların qeyri-obyektiv, qərəzli mövqelərinə qarşı kəskin münasibətini bildiribdir. Görünən həqiqət də budur ki, Qarabağ münaqişəsinin də uzun müddət həll olunmamasında, müharibə vəziyyətinə gətirib çıxarılmasında da onların məsuliyyəti var.

 

Günay

Gununsesi.info