Məlahət İbrahimqızı: “Serbiyanın bu addımı acı təəssüf doğurur” –  ETİRAZ

  • By admin
  • 21 İyul 2020 17:36

Gürcüstan ərazisindən keçərək, Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursatın və böyük həcmdə silahın göndərildiyi haqda geniş məlumat Azərbaycan ictimaiyyətini hədsiz dərəcədə hiddətləndirib. 

Məsələyə münasibət bildirən Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında deyib:

“Milli Ordumuzun təcavüzkar Ermənistanın hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində ağır artileriyadan təxribat xarakterli hücumunun qarşısının alınması zamanı ağır döyüşlərdə şəhid olmuş igid əsgər və zabitlərimizin acısını unutmadığımız bir zamanda dost saydığımız Serbiya tərəfindən belə bir mövqenin göstərilə biləcəyi qəbulolunmazdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən rəsmən təsdiq olunmuş bu məlumat  strateji tərəfdaşımız olan Serbiyanın gözlənilməz hərəkəti hər bir azərbaycanlıda, xüsusən də Azərbaycan-Serbiya Parlamentlərarası dostluq qrupunun üzvlərində  həm də acı təssüf hissi doğurdu”.

M.İbrahimqızı deyib ki, Azərbaycan Serbiya ilə əməkdaşlığa hər zaman önəm verib:

“2018-ci ildən strateji əməkdaşlıq haqqında protokol imzalandıqdan sonra bu münasibətlərə xüsusi əhəmiyyət verilmişdi. Ölkəmiz digər strateji tərəfdaş ölkələrlə münasibətdə olduğu kimi, Serbiya ilə olan əməkdaşlıqda da etibarlı tərəfdaş kimi sadiqlik nümayiş etdirib. Ölkəmiz Serbiyanın çətin vaxtlarında dost ölkə kimi həmişə onlara yardım əlini uzadıb. Azərbaycan Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, beynəlxalq təşkilatlarda hər zaman ardıcıl mövqe nümayiş etdirib. Bu mənada Serbiya tərəfinin mövqeyinə görə Azərbaycan-Serbiya Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi, KİV nümayəndələri, ictimaiyyətın tanınmış  təmsilçiləri və seçicilərim tərəfindən fasiləsiz mənə zəng edilib, Serbiya tərəfini qeyri-səmimi dost, Azərbaycanın ərazi bütövlüyünə silahlı təcavüz etmiş, Ermənistanın işğalçılıq siyasətinə dəstək verən ölkə adlandırmışlar. Həqiqətən də  dostluğa tam zidd olan bu olayı Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında mövcud münasibətlərə zərbə hesab edirəm. Bildiyimiz kimi, Azərbaycan beynəlxalq əmədaşlıqda etibarlı tərəfdaş kimi dünyada xüsusi nüfuza malikdir. Çox təəssüf ki, bütün beynəlxalq təşkilatlar tərəfindən işğalçı kimi tanınan Ermənistanın təcavüzkarlıq siyasətinə dəstək olmuş bu olay Azərbaycan və Serbiya arasındakı mövcud dostluq münasibətlərinə və strateji tərəfdaşlığa xələl gətirmiş və ölkələr arasındakı qarşılıqlı etimada kölgə sala bilmişdi. Heç şübhəsiz ki, Serbiya tərəfindən baş vermis bu olaylarda uzun illərdir ki, dünyada ölkəmizə qarşı hər cür təxribat törətməyə cəhd edən işğalçı Ermənistanın da məkirli və çirkli əməllərinin izi vardır. Ümidvaram ki, baş vermis cinayət xarakterli bu olay Serbiya Respublikasının rəsmiləri və onun müvafiq qurumları tərəfindən tezlikllə aydınlaşdırılacaq və  Azərbaycan ictimaiyyətinə ətraflı  məlumat veriləcək”.

M.İbrahımqızı onu da bildirib ki, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Serbiyaya etiraz məktubu göndərib.

Gununsesiaz.info