“Məmurları əttökən sözlərlə tərifləyib insanları iyrəndirmək olmaz”- Baş redaktor

Bu günlərdə Tərtər rayonunda İkinci Qarabağ savaşının qazisi Elnur Salahovun toy mərasimi keçirilib. Məclisdə rayonun İcra başçısı Müstəqim Məmmədov yer alıb. M.Məmmədov çıxışı zamanı qazimizi şad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bundan sonra M.Məmmədov qazilərlə birgə vətənpərvər mahnı sədaları altında rəqs edib. 

Ümumiyyətlə, son vaxtlar məmurlar arasında rəqs etmək sanki dəb halını alıb.

Təbii ki, təqdirəlayiqdir. Hər hansı uşaq evində böyüyən və ya vətən yolunda sağlamlığını itirən şəxslərin şad günündə onların yanında olmaq, xoşbəxt anlarını bölüşmək müsbət addımdır. Lakin həmin vəzifəli şəxslərin ətrafındakı bəzi insanlar bu davranışları qədərindən çox, lazımsız şəkildə böyüdürlər. Nəticədə apardıqları təbliğat bumeranq effekt verir. Halbuki, bəlkə də məmurların el şənliklərində iştirakı, qonaqlarla oynaması səmimiyyətdən, açıqürəklilikdən irəli gəlir.

Qeyd edək ki, ötən həftə analoji xəbər gündəmə çevrildi. Təhsil naziri Emin Əmrullayev internat məzunlarının toyunda iştirak edib, rəqsi ilə gənclərin sevincinə şərik olub.

Gununsesi.info  xəbər verir ki, məsələyə münasibət bildirən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda məmurlarla sıravi vətəndaşlar arasında qalın sədd var:

“Xüsusilə, 44 günlük Vətən Müharibəsindən əvvəl hansısa yüksək rütbəli məmurun qəbuluna düşmək müşkül iş idi. Bəzi nazirlər, komitə sədrləri, digər məsul vəzifə sahibləri xalqa “üstdən aşağı baxırdı”. Həmçinin onlarla rəiyyət kimi davranırdılar.

Yəqin əksəriyyət razılaşar ki, Vətən savaşı Azərbaycanda bir çox istiqamətlərdə olduğu kimi məmurların münasibətini də dəyişdi. Ölkə başçısının tələbi ilə vəzifəli şəxslər xalqla daha səmimi davranıb, onların problemləri ilə yaxından maraqlanmağa başladılar.

Əvvəlki illərdən fərqli olaraq, indi nazirləri, icra başçılarını xalqın xeyir-şərində tez-tez görmək mümkündür.

Təhsil naziri E.Əmrullayev və Tərtər İcra başçısının sadə vətəndaşların toyunda ürəkdən iştirak etmələrini, hətta qol qaldırıb, oynamalarını yüksək qiymətləndirir və alqışlayıram.

Həmin funksionerlərin tabeliyində çalışan şəxslərin bunu təbliğat vasitəsinə çevirməsində qeyri-adi, faciəvi heç nə yoxdur.

Bir şərtlə ki, gərək əndazəni aşmasınlar. Nazir, yaxud İcra başçısı tabeliyində olan adamlara sosial şəbəkələrdə “düşük-düşük” status yazıb, onu tərifləmələrini söyləmir.

Yaxşı nümunəni təbliğ etmək lazımdır. Lakin bunu boğazdan yuxarı təriflə, əttökən sözlərlə edib, insanları iyrəndirmək olmaz”.

Gununsesi.info