“Mən Ukrayna hərbçilərinin ruhlarına, cəsarətlərinə yaxşı bələdəm…” - General-mayor

  • By admin
  • 31 Mart 2022 17:42
“Ukraynada partizan hərəkatı “başlaya bilər” yox, çoxdan başlayıb…”
“Rusiya  son günlər məğlubiyyətini etiraf etməkdədir.  İnanıram ki, hətta bundan sonra Rusiya ordusu bütün gücünü  toplayıb yenidən genişmiqyaslı hücuma keçsə belə, Ukraynanın heç bir böyük şəhərini tam şəkildə işğal edə bilməyəcək. Hətta ruslar Xarkovu, Odessanı götürə bilsələr də , həmin şəhərlərdə uzun müddət dayana bilməyəcəklər, Ukrayna döyüşçüləri, xalqı tərəfindən məhv ediləcəklər”.
Gununsesi.info xəbər verir ki , Moderator.az-a açıqlamasında keçmiş Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.
“Həm də ona görə ki, əgər hər hansı şəhərdə xalq oraya daxil olan orduya nifrət edirsə, həmin ordu heç vaxt orada duruş gətirə bilməz. Melitopolda, Xersonda camaat qorxmadan çəkinmədən silahsız-filansız Rusiya ordusunun qarşısına çıxıb “Rədd olun burdan!” dedilər. Xalqla savaşı  udmaq qeyri-mümkündür… Putin elə düşünürdü ki, “5-ci kalon” Ukraynada ciddi işlər aparıb və ukraynalılar Krımda olduğu kimi, Rusiya əsgərlərini gül-çiçəklə qarşılayacaqlar. Amma yanıldılar, Ukrayna xalqı işğalçıları “Molotov kokteyl”ləri ilə qarşıladı”- deyə həmsöhbətimiz əlavə edib.
“Sizcə, Rusiyanın yenidən irimiqyaslı hücumlara keçəcəyi təqdirdə Ukraynada geniş şəkildə xalqın təşkil etdiyi partizan hərəkatı başlana bilərmi?  Yoxsa belə bir hərəkat artıq başlayıb?” sualını isə sabiq nazir belə cavablandırıb.
“Əslində Zelenskinin əhalinin silahlandırılması göstərişi elə partizan hərəkatına rəvac vermək demək oldu. Odur ki, Ukraynada partizan hərəkatı “başlaya bilər” yox, çoxdan başlayıb. Müharibənin  elə ilk günlərindən başlayıb o hərəkat… Bəs Rusiyanın arxadan gələn silah-sursat, ərzaq kalonlarını kimlər yandırır, məhv edir? Həmin partuizanlar… Hətta qadınlar, qoca kişilər də qatılıb partizan hərəkatına…”
“Ümumiyyətlə, deyim ki, Ukrayna xalqı çox  döyüşkən xalqdır. Mənimlə birgə hərbi məktəbdə də, akademiyada da bir çox ukrayın oğullar təhsil alıb.  Odur ki, mən Ukrayna hərbçilərinin ürəklərinə, ruhlarına, cəsarətlərinə yaxşı bələdəm”- deyə general-mayor vurğulayıb.
Sultan Laçın
Gununsesi.info