Jurnalist İlhamə Rəsul bankların kredit borcu olan şəxslərin telefon kitabçasındakı digər şəxslərə zəng etməsi məsələsinə etiraz edib.
Gununsesi.info-nun xəbərinə görə, o, bildirib ki, bank əməkdaşlarının borclunun kontaktlarında olan şəxslərə zəng edərək “filankəsin borcu gecikir, ödəsin” deməsi yolverilməzdir:
“Banklar bizim icazəmiz olmadan kontaktımızdakı nömrələrə zəng edib necə deyə bilərlər ki, sizin filan tanışınızın borcu gecikir, ödəsin?”
Jurnalist qeyd edib ki, bu zənglər bəzən ailə daxilində ciddi problemlərə də səbəb ola bilər:
“Zəng olunan qadının əri dava salır ki, arvadımın nömrəsini niyə paylaşmısınız? Başa sala bilmirsən ki, məlumatın yoxdur hadisədən. Bu nə biabırçılıqdır belə?”
İlhamə Rəsul mobil operatorların da istifadəçilərin əlaqə məlumatlarının qorunması məsələsində məsuliyyət daşıdığını vurğulayıb:
“Ümumiyyətlə, mobil operatorlara bu icazəni kim verib ki, mənim əlaqə nömrələrimi ora-bura paylasın?”
O bildirib ki, kredit götürən şəxsdən adətən bir neçə yaxınının əlaqə nömrəsi alınır və həmin şəxslərin razılığı da borcalanın yanında əldə edilir. Lakin digər şəxslərin telefon kitabçasında yer alan insanların bu prosesə cəlb edilməsinin nə dərəcədə qanuni və əsaslı olduğu sual doğurur.
Jurnalist məsələni ironik şəkildə belə yekunlaşdırıb:
“Mənim telefon kitabçamda Putinin nömrəsi olsa, onu da yığacaqsınız?”
Elmar











