Məşhur infeksionist - Vəziyyət kritik hal alıb

  • By admin
  • 30 Noyabr 2020 13:52

Koronavirus infeksiyalarının sürətlə yayılmasının bir səbəbi havaların soyumasıdır. Payız-qış mövsümlərində sadəcə kovid deyil, digər kəskin respirator infeksiyaların da sürətlə yayılması üçün əlverişli şərait yaranır. İnsanlar daha çox qapalı məkanlarda vaxt keçirir, belə olan da halda virusun xəstə insanlardan sağlam insanlara ötürülmə və yayılma sürəti daha da artır. Açıq havada sosial məsafəni gözləmək mümkündür, qapalı məkanlarda isə bunu qorumaq heç də asan olmur. Odur ki, maska taxılması özünü infeksiyadan qorumaq üçün görülən zəruri addımlardan biridir. Təəssüf ki, maskalardan da doğru istifadə olunmur.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Həkim bildirib ki, bununla yanaşı Azərbaycanın Böyük Vətən Müharibəsini qələbə ilə başa vurması və qələbə sevincini özünəməxsus şəkildə qeyd etməsi virusun yayılmasını daha da sürətləndirdi:

“Müharibə dönəmində şəhid olan əsgər və zabitlərimizin yas mərasimlərində insanlar kütləvi şəkildə toplanırlar. Buna baxmayaraq, hər hansı qoruyucu vasitələrdən istifadə etmirlər. Belə olan təqdirdə virusun yayılma sıxlığı qapalı məkanlarda daha da sürətli olur. Onun acı nəticələrinizi indilərdə görməyə başlayırıq. Yayda yoluxma sayı 500-600 olsa da, daha sərt karantin tədbirləri həyata keçirilmişdi. İndi isə vəziyyət daha kritik hal alıb. Uzun müddətdir ki, bu problemə məruz qalan cəmiyyətin artıq koronavirus pandemiyasından bezmiş olmaları, eyni zamanda buna etinasız yanaşmış olmaları nəticəsində infeksiya halları artmağa davam edir”.

Həkimin sözlərinə görə, ikinci dəfə koronavirusa yoluxma ehtimalı dünyada da təsdiq olunub:

“Təcrübəmizdə müşahidə etdiyimiz qədər yayda yoluxan insanlarda yenidən eyni əlamətlərin büruzə verdiyini görürük. Bir müddət sonra belə hallarla daha sıx rastlaşacayıq. Koronavirusa yoluxan insanların qanında anticismlər yaranır. Anticismlər bizə insanın həm xəstəliyi keçirib-keçirmədiyini dəqiq göstərir, həm də xəstəliyə qarşı qoruyuculuqda da önəmi var. Lakin anticismlərin miqdarının zamanla gedərək aşağı düşməsi xəstəliyi yenidən keçirməsinə səbəb olur. Bu baxmdan qanda ifraz olunan anticismlərin həm kəmiyyəti, həm də keyfiyyəti çox önəmlidir. Xəstəliyi ağır və ya yüngül keçirmtək infeksiyanın yükündən və immun vəziyyətindən asılıdır.

Qrip əleyhinə peyvəndlər sadəcə qripə qarşıdır. Bu peyvəndlər bizi koronavirusdan qoruya bilməz, əgər effektivliyi olsaydı, daha öncələr istifadə edərdik. Sadəcə qriplə koronavirus əlamətləri eyni olduğundan ikili miks insfeksiya keçirməsin deyə profilaktik məqsədlərlə qrip əleyhinə peyvəndlər də vurulur.

Tədqiqatların 3-cü mərhələsində olan peyvəndlər var, ancaq hələ ki, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən hər hansı vaksin yoxdur. Faydalılğı və əks təsirlərinin olub-olmadığı sübuta yetirildikdən sonra kütləvi olaraq istifadəyə verilə bilər, yalnız bundan sonra sınaqlardan keçən vaksinlərin Azərbaycanda da istifadə edilməsinə başlanıla bilər”.

Vasif Əliyev hesab edir ki, virus yaz aylarına qədər davam edəcək:

“Kütləvi immunitet qazanılmadığı müddətdə bu virusun davam edəcəyi şübhəsizdir. Hesab edirəm ki, ya peyvənd, ya da virusun virulentliyini azaltmaqla pandemiya önəmsiz hala gələ və sonlandırıla bilər. Ümumilikdə isə virusun nə qədər davam edəcəyi barədə dəqiq bir fikir bildirmək çətindir, hələ uzun müddət yoluxdurmağa davam edəcək”.

Gununsesi.info