Məşhur oyunun azərbaycanlı qurucusu: “Ronaldinyonun bizimlə əməkdaşlıq edəcəyini gözləmirdik” – MÜSAHİBƏ

  • By admin
  • 09 May 2021 09:17

Bu gün tez-tez danışılan konsepsiyalardan olan “startup” ilk dəfə 2010-cu ildə ABŞ-da ortaya çıxan və sonra bütün dünyaya yayılan iş modeli trendidir. Azərbaycan əvvəlcə bu tendensiyadan geri qalsa da, zaman keçdikcə bu sahədə yeni işlər görüldü.

 Gununsesi.info xəbər verir ki, Təkcə Azərbaycanda yox, artıq dünyada da tanınan məşhur “Eleven Kings” futbol menecer oyununun yaradıcısı Orxan Rzayev Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

– Orxan bəy, son vaxtlar “startup” termin olaraq çox istifadə olunur. Amma hələ də nə olduğunu bilməyən insanlar var. “Startup” nədir?

– “Startup” biznes deməkdir, amma adi biznesdən fərqi odur ki, daha çox texnologiya yönümlü olur. Riski böyük və həmçinin fantastik böyümə ehtimalı olur. Bu gün dünyada “startup” termini çox populyardır. Azərbaycanda da məşhurlaşmağa başlayıb.  Mən 10 ildir ki, “startup”çı kimi çalışıram. Yerli və xarici bazara yönəlik “startup”larımız olub və bəzilərini satmışıq. Artıq dörd ildir ki, oyun sferasında çalışıram. Qlobal bazar üçün nəzərdə tutduğumuz “Eleven Kings” onlayn menecer oyunu hazırda çox populyardır.

– Necə oldu ki, məşhur “Eleven Kings” oyununu yaratmaq fikrinə gəldiniz?

– Uşaqlıqdan, ağlım kəsəndən futbol izləməyi və həm də futbol oyunları oynamağı sevmişəm. Deyərdim ki, indiyədək dünyada oynamadığım futbol menecer oyunu yoxdur. Bir gün belə bir oyun yaratmaq olarmı deyə, düşündüm. Proqramçı dostlardan bu barədə soruşdum, çünki bilirdim ki, o cür oyunlarda həddən çox qarışıq alqoritmlər işləyir, açığı Azərbaycanda belə bir sistemi yazacaq insanların olmasına şübhə edirdim, amma  proqramçılar bunun mümkün olduğunu bildirdilər.

Bununla da qərara gəldim ki, futbol menecer oyunu yaradaq. 2017-ci ilin avqustundan biznes-plan üzərində işləməyə başladıq, bir müddət sonra ilkin dizayn işləri həll edildi və kodlaşdırmaya keçdik.  3-5 aya bitəcəyini proqnozlaşdırsaq da, oyunun “Beta” versiyasının istifadəyə verilməsi 16 aya yaxın vaxt apardı.
2019-cu il yanvarın 18-də oyunun “Beta” versiyası istifadəyə    verildi. “Eleven Kings” dünyada olan 500 milyona yaxın futbol oyun    həvəskarlarını bir yerə toplamağı və dünyanın ən böyük futbol oyun    platforması olmağı hədəfləyir.

– Oyunun siması olmaq üçün Ronaldinyonu necə razı sala bildiniz?

– Biz 2017-ci ildə proqramçımız Nicat və dizaynerimiz Sərxanla bir yerdə müzakirələr aparırdıq. Həmin vaxt  hədəf və motivasiyamızı yüksək tuturduq ki, qlobal autoriya üçün bir oyun hazırlayırıq. Qlobal insanlarla əməkdaşlıq edəcəyik. Oyunun siması olmaq üçün bir neçə futbol ulduzu ağlımızda var idi. Qərara gəldik ki, Ronaldinyo ilə razılaşaq. Messi və Ronaldo dünya ulduzu olsalar da, Ronaldinyo futbol tarixində adını yazdırmış biridir. Amma bizim onunla işləməyimiz qeyri-real görünürdü, çünki bizim Ronaldinyo ilə heç bir əlaqəmiz yox idi. Ümüdimizi itirmədik, müxtəlif sosial media və rəqəmsal kanallar vasitəsilə əlaqə yaratmağa çalışdıq. 2018-ci ildə ilk dəfə Ronaldinyonun əsas meneceri olan qardaşı Roberto ilə əlaqə yaratdıq. 2019-cu ilin sonunda ilk dəfə “Barselona” şəhərində görüşdük.

Ronaldinyoya oyunun siması olmağı, reklam və tanıtımını təklif etdik. Qarşılığında da şirkətdən hissə verəcəkdik.  Ronaldino və qardaşı təklifi dinlədi və bəyəndilər. Sonra dekabr ayında bizə cavab gəldi ki, “təbriklər, biz əməkdaşlıq etməyə hazırıq”. Bu təbii ki, böyük bir hadisə idi bizim üçün. Çünki biz yenidən 2017-ə qayıtsaq, görərik ki, xəyal olaraq düşündüyüz bir şey idi, amma zamanla buna nail olduq.

2020-ci ilin əvvəlində Ronaldinyonun şirkətinin direktoru məktub göndərdi və bu, əməkdaşlıq üçün ilkin razılaşma məktubu idi.

– Azərbaycanda gənclər bu sahədə irəlləməkdən niyə qorxurlar?

– Azərbaycan “startup” ekosistemi dünya ekosistemindən kifayət qədər geri qalır. Təəssüf ki, bizdə ürəkaçıcı vəziyyət deyil.

Həm “startup”çılar, həm də investisiya mühiti və  dövlət dəstəyi inkişaf etməlidir. “Startup” yaratmaq, hər hansı bir texnologiya yönümlü işlər  görüb, uğur qazanmaq üçün uzun müddət işləmək lazımdır. Gənclər də bu kimi hallara çox az həvəs göstərir. Bu da onunla bağlıdır ki, bir insan işə yüksək məbləğdə pul yatırıb, ondan qısa müddətdə gəlir əldə etmək istəyir. “Startup”da isə bəzən 2-3 il gəlir qazanmaya bilərsiniz.  Burda yanaşma və vizyon dəyişməlidir. Bakıda oturan bir insan qlobal autoriya üçün layihə hazırlaya bilər. Hətta bundan milyonlar qazana bilər. Sadəcə olaraq motivasiyası, əzmi, risk alma qabiliyyəti və təbii ki, bu istiqamətdə bilik və bacarıqları olmalıdır.

– Azərbaycanda hansı “startup” layihələrini uğurlu hesab edirsiniz?

– Azərbaycanda “startup”lar son bir neçə ildə uğur qazanmağa başlayıb. Amma hazırda qeyd edə bilmirik ki, 100, 200 milyon dəyərə qalxan “startup”larımız var.  Mən düşünürəm ki, yaxın beş  ildə belə “startup”ları görəcəyik.

Gununsesi.info