Məşhur xanımların 8 Martı – Kimdən hansı hədiyyəni gözləyirlər?

  • By admin
  • 08 Mart 2022 10:43

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Dünyanın digər ölkələrində olduğu kimi 8 Mart Azərbaycanda da sevilən bayramlar sırasındadır. Təbii ki, daha çox qadınlar tərəfindən…

Bu gün gül mağazalarından tutmuş, geyim butiklərinə qədər insanlar arasında xoş bir qaynaşma olur. Hər bir qadın etiraf etməsə də, 8 Martda bəylərdən təbrik və hədiyyələr gözləyir.

Bəs, tanınmış xanımlar bu özəl gündə daha çox hansı hədiyyəni arzulayırlar?

Modern.az mövzu ilə bağlı xanımlarımız arasında kiçik bir sorğu keçirib.

 

 

Millət vəkili Jalə Əhmədova seçicilərindən hədiyyə gözlədiyini deyir:

“8 Martı şəhid anaları və ailələri ilə birgə keçirəcəm, onlarla birlikdə tədbirimiz var. Qadınlıq adına ən çox layiq olan şəxslər məhz şəhid ailələrindən olan xanımlardır. Günün ikinci yarısını isə hər iki anamla – öz doğma anam və qayınanam birgə qeyd edəcəm.

 

Qiymətinə önəm verilməyən, mənəvi dəyəri olan hədiyyələri sevirəm. Məhz mənim üçün özəl olaraq düşünülmüş hədiyyələri isə daha çox sevirəm, yəni mənim zövqümə, xasiyyətimə uyğun olaraq seçilmiş hədiyyələri…

 

Bu il mənə etibar edən, hörmət göstərən, mənə güvənən seçicilərimdən hədiyyə gözləyirəm. Sonra həyat yoldaşım və iki oğlumdan hədiyyə alacağımı düşünürəm”.

 

Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, ən çox sevdiyi hədiyyə çiçəkdir:

 

“Desəm ki, təmtəraqlı şəkildə qeyd edirəm, yalan olar. 8 Martı sadə bir şəkildə evdə qeyd edirəm. Ən sevdiyim hədiyyə isə çiçəklərdir. Bacımın övladları və digər yaxınlarım gül alaraq məni təbrik edirlər”.

 

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bayramda hədiyyə gözləmədiyini bildirir:

 

“Ətrafımakılar elə insanlardır ki, nə onların hədiyyə almasını rəva bilərəm, nə də alsalar qəbul edərəm. Mənim üçün hədiyyə “Sağ oldur”, xidmət göstərdiyim adamların həyatının yaxşı olması ən böyük hədiyyədir. Gözləntim yoxdur ki, kimsə mənə hədiyyə alsın. 8 Marta hədiyyə bayramı kimi baxmıram, qadın hüquqlarında böyük dönüş olması, onların hər birinin təhlükəsiz şəraitdə yaşaması əsl qadınlar günüdür”.

 

 

Tanınmış dieotoloq Şəfa Yadigarovanın fikrincə, xanımlar 8 Martı sevdiyi insanla qeyd etməlidir:

 

“Düşünürəm ki, qadın 8 Mart günü çalışmamalıdır. Əgər diqqət varsa, bu, ən birinci hədiyyədir. Bir insan sənə hər hansı hədiyyəni seçirsə, ona vaxt, sevgi, enerji sərf edir. Bir qadın olaraq mən də çiçək sevirəm, ancaq dibçək gülləri. Biz qadınların zövqləri fərqlidir, eləsi var ki, qızıl əşyaları, bəziləri də ətiri sevir”.