Məşhur yazıçıya necə rüşvət verdilər –  GİZLİ ƏDƏBIYYAT

  • By admin
  • 23 Aprel 2017 14:02

m

 

Kulis “Gizli ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Şirinlik” yazısını təqdim edir.

Yazıçı Əlfi Qasımov 70-ci illərin ortalarında Mətbuat Komitəsində baş redaktor vəzifəsində çalışırdı.

Bir gün kabinetində iki həmkarıyla oturub iş gününün son dəqiqələrini müvəffəqiyyətlə yola salırmış. Məqsəd yaxınlıqda yenicə açılmış xəngəlxananı ziyarət etməkdi. Dost-tanış bu məkanın məziyyətlərindən ağız dolusu danışırdı. Üçü də səbirsizliklə vüsal anının çatmasını gözləyirdi…

 

Nəhayət, saat altını göstərir. Elə sevincək ayağa qalxırlar ki, qapı açılır, kürən, göygöz bir kişi başını içəri salıb tövşüyə-tövşüyə “Dedim çatdırmaram… qaça-qaça gəlmişəm… Çox yox, beş dəqiqə vaxtınızı alacağam, Əlfi müəllim” – deyə yalvarış dolu baxışlarını yazıçıya zilləyir. Üçü də mat-mat bir-birinə baxır. Əlfi Qasımov əvvəlcə istəyir kişini qovsun ki, bəs iş qurtarıb, sabahda-birigündə gələrsən. Amma iş yoldaşları nə fikirləşirlərsə, “Eybi yox, Əlfi müəllim, biz aşağıda gözləyərik” – deyib otaqdan çıxırlar. Adətən müəlliflərlə nəzakətli olan yazıçı hövsələsiz halda gözünü kişiyə bərəldib “Keç görək, nə istəyirsən, amma beş dəqiqə, vacib tədbirimiz var” deyib yerində əyləşir.

 

Deyir, kişi dərhal qoltuğunda qalın bir qovluq özünü atdı içəri, gəlib oturdu masanın böyründə. Məlum oldu ki, kişi elmlər namizədidir, özü də şəkili, gətirdiyi əlyazma da arıçılıq barəsindədir. Elə oturan kimi nəfəsini dərməmiş başladı arıdan danışmağa. Gah arının insan həyatında əhəmiyyətindən söz açdı, gah cəmiyyətlə arının qarşılıqlı təsirindən misallar gətirdi, sonra isə Qafqaz arısının dünyanın bütün başqa arılarından üstünlüyündən və xırda canında ağlagəlməz hikmətlərin olduğundan sicilləmə danışdı. Başım yavaş-yavaş ağrımağa başladı, gözüm isə saatda idi. İki dəqiqəsi qalmışdı. Kişi dil boğaza qoymurdu. Elə bil dünyanın axırıydı və arı məsələsiylə bağlı bəşəriyyətin taleyi həll olunurdu. Demək olar, qulaq asmırdım, başım hərlənirdi. Fikrim yeni açılmış xəngəlxanada, gözlərim isə kişinin attanıb-düşən qıvraq dodaqlarında və saatda idi. Beş dəqiqənin bitməsinə son saniyələr qalırdı. Qulağımın hərdən aldığı mum, beçə, işçi arı, ana arı, anac arı, nazlı arı, qılça, qılcıq və bu qəbil kəlmələrdən beynim dumanlanırdı. Elə beş dəqiqənin tamamında əlimi qaldırdım ki, kişi, bəsdi, mən lap yoruldum… Rəhmətliyin oğlu beş dəqiqəyə bu yekəliyində məsələni yerləşdirmək olar?! Sən indi get, mən vacib yerə tələsirəm… Oxutdurub xəbər verərəm sənə…

 

 

Gununsesi.info