Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin müraciətinə cavab verib.
R. Usubov məktubunda həmçinin saxlanılan cinsi azlıqlarda təhlükəli infeksiyaların aşkarlandığını qeyd edib: “Müayinələrin nəticələrinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 16 nəfərdə sifilis, 6 nəfərdə AİDS, 6 nəfərdə HİV, daha 2 nəfərdə Hepatit HCV virusu aşkar edilib. Eləcə də zöhrəvi xəstəlik aşkar edilməmiş daha 24 nəfərin həbsdə saxlanıldığı müddətin islah olunmaları üçün kifayət etməsi nəzərə alınaraq onlar oktyabrın 2-də məhkəmələr tərəfindən vaxtından əvvəl inzibati həbsdən azad ediliblər”.
Nazir bəyan edib ki, saxlanılan cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı iddiaların heç bir əsası yoxdur: “Azərbaycanda bütün qrup insanların hüquqları heç bir məhdudiyyət olmadan təmin edilir və cinsi azlıqlarla bağlı respublikamızda mövcud olan vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir. Lakin son illər ölkəmizdə hansısa hüquqazidd əməli törətmiş cinsi azlığın nümayəndələri özlərinin cinsi oriyentasiyasını önə çəkməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu cür məsələlər isə Azərbaycanda yalnız müvafiq beynəlxalq təşkilatların da hüquqi ekspertizasından keçmiş qanunvericilik aktları çərçivəsində həll edilir. Odur ki, cinsi azlıqların nümayəndələrinin hüquqazidd əməl törətməsi onları məsuliyyətdən azad edə bilməz”.
Gununsesi.info