Mətbuatın qorunacağı ilə bağlı vədlər reallaşmadı, müstəqil saytlar bloklandı - SƏRHƏDSİZ REPORTYORLAR MEDİANIN DURUMUNDAN NARAHATDIR

  • By admin
  • 14 May 2020 21:17

 

“Sərhədsiz Reportyorlar” Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye “Amerikanın səsi”nə müsahibəsində Azərbaycanda mətbuatın vəziyyətini dəyərləndirib.

“Sərhədsiz Reportyorlar” bu yaxınlarda 2020-ci il üçün “Mətbuat azadlığı indeksi”ni açıqlayıb və həmin İndeksdə Azərbaycan mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer alıb. Bunun səbəbi nədir​? Bu sualın cavabında J.Kavalye deyib ki, Azərbaycan 180 ölkə arasında 168-ci yerdədir. Və ötənilki reytinqlə müqayisədə bu il iki pillə geriləyib.

“Ötən ilin sonlarında Əli Həsənov vəzifədən çıxarıldıqdan sonra bizdə dəyişikliyin olacağıına ümid yarandı, çünki prezidentin bu müşaviri KİV-in əsas düşməni idi. Ancaq jurnalistlərin və mətbuatın qorunacağı ilə bağlı vədlər reallaşmadı. Hakimiyyət beynəxalq tənqidə məhəl qoymur, mətbuat və söz azadlığını boğmağa davam edir. Müstəqil jurnalistlər və blogerlər həbs və şantaj olunurlar. Onlar əsassız ittihamlarla həbs olunurlar. Ona görə də Azərbaycandakı vəziyyət bizi çox narahat edir”, – o deyib.

J.Kavelye qeyd edib ki, hətta ölkə sərhədlərindən kənarda yaşayan jurnalistlər təqib edilir və şantaj olunur. Azərbaycanda azı beş jurnalist həbsdədir. Bundan əlavə bəzi müstəqil saytlara çıxış bloklanıb. Məmurlar tərəddüd etmədən jurnalistləri həbs edirlər. Hətta parlament seçkiləri zamanı azı 18 jurnalistin işi məhdudlaşdırılmışdı və onlar öz işlərinə görə fiziki hücumlara məruz qalmışdılar. ​

Son zamanlar mətbuata artan təzyiqin səbəbi nədir? Bu sualın cavabında J.Kavelye deyib ki, koronavirus böhranı ölkədə senzuranı gücləndirir.

Elmar

Gununsesi.org