Maaş artımı hansı müəllimlərə şamil olunacaq?

  • By admin
  • 24 Fevral 2023 11:06

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov əməkhaqlarında artım olacaq işçilərin kateqoriyasını qeyd edib:

– Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

– Həmin müəssisələrin direktor və direktor müavinləri;

– Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

– Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

– Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri;

– İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər.

Qeyd edək ki, müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu. Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq, maaş artımları fevralın 1-dən hesablanacaq.

Gununsesi.info