
İsveçin baş naziri Ulf Kristersson Macarıstan parlamentində İsveçin NATO-ya daxil olması ilə bağlı gözlənilən səsvermə ərəfəsində macar həmkarı Viktor Orbanın dəvəti ilə Budapeştə səfərə gəlib.
Gununsesi.info xəbər verir ki, Orban bu barədə öz “X” sosial media platformasındakı hesabında məlumat paylaşıb.
Orban Kristerssonla görüşünün fotosunu “Macarıstana xoş gəlmisiniz” başlığı ilə yerləşdirib.
Orban bildirib ki, liderlər “təhlükəsizlik və müdafiə sahəsində Macarıstan və İsveç arasında əməkdaşlığın gücləndirilməsini”, həmçinin 2024-cü ilin ikinci yarısında Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi ilə bağlı planları və Aİ-nin strateji gündəmini müzakirə edəcəklər.
Daha əvvəl Macarıstan mətbuatında Macarıstanın İsveçlə “Gripen” qırıcılarının alınması ilə bağlı razılığa gəldiyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, “Fidesz” parlament fraksiyasının rəhbəri bildirib ki, parlament tətildən qayıtdıqdan sonra fevralın 26-da İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə keçirməyi planlaşdırır.
Fevralın əvvəlində “Fidesz” rəhbərliyi İsveçin baş naziri Ulf Kristerssonun parlament səsverməsindən əvvəl ilk olaraq Budapeştə gəlməsini israr edib.
Gununsesi.info