Macarıstanda deputat maaşları 40% azaldıldı – Azərbaycana eyni qərar tətbiq olunacaqmı?

  • By Admin2
  • 12 İyun 2026 11:26

Macarıstan parlamenti deputatların maaş və müavinətlərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib.

Qərar Macarıstanın Baş naziri Peter Magyarın dövlət xərclərinin azaldılması və dövlət maliyyəsinin bərpası istiqamətindəki təşəbbüslərinə dəstək kimi qiymətləndirilir.

Milli Assambleyada iştirak edən 189 deputatın hamısı hakim Tisa Partiyasının təqdim etdiyi qanun layihəsinin lehinə səs verib. Yeni qanuna əsasən, deputatların aylıq maaşları 40% azaldılacaq. Nəticədə onların aylıq maaşı gələn aydan etibarən təxminən 3.690 avroya enəcək.

Bu addım aprel ayında islahatlar və korrupsiyaya qarşı mübarizə vədləri ilə hakimiyyətə gələn Peter Magyarın əsas seçki vədlərindən birinin yerinə yetirilməsi hesab olunur.

Azərbaycanda isə 2026-cı ilin əvvəlindən qüvvəyə minən dəyişikliklərdən sonra sıravi deputatın maaşı təxminən 9 000 manat (təxminən 4500 avro) səviyyəsində müəyyən edilib.

Maraqlıdır, eyni qərar bizdə də tədbiq olunmalıdırmı?

Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, Macarıstan və Azərbaycan dost ölkələr olsalar da, iki ölkənin iqtisadi vəziyyəti, daxili-siyasi dinamikaları eyni deyil:

“Bu baxımdan, orada qəbul edilən qərarın burada da tədbiq ediləcəyi subyektiv yanaşmadır. Ümumi məsələyə baxanda demək olar ki, Macarıstanda Viktor Orbanın hakimiyyəti bitdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlərin kadrlarını sıradan çıxarmağa çalışırlar. Mənə elə gəlir ki, Macarıstan verilən bu qərar heç də xalqın rifah səviyyəsini yaxşılaşdırmaq üçün deyil. Böyük ehtimal bununla Orban dövründən qalan kadrların tədricən sıradan çıxarılması hesaba alınır. Çünki o kadrlar sıradan çıxarsa, yeni hakimiyyət öz kadlrarını gətirəcək, onlar da bu cür məsələlərə fikri vermirlər”, – deyə o qeyd edib.

Politoloq həmçinin bildirib:

“Azərbaycanda deputatların maaşının artırılması məsələsi də birmənalı qarşılanmır. Cəmiyyətin hər təbəqəsi başqa təbəqənin maaşlarını özləri ilə müqayisə edirlər. Bu, təbii məsələdir. Üstəlik, hamı daha yaxşı maaş almaq, yaşamaq istəyir. Amma mənə elə gəlir ki, Azərbaycan reallığında məmurların, deputatların maaşının aşağı salınması müsbət nəticə verməyəcək. Hər şeydən əvvəl, dövlətin korrupsiya, rüşvətlə bağlı ardıcıl siyasəti var və bu siyasətin davamlılığı əsasdır. Korrupsiya, rüşvət də çox zaman bundan yaranır. Onları qane edəcək səviyyədə maaaşın verilməsi yaxşıdır. Demirəm ki, fantastik rəqəm olsun. Maaşlar yüksək olması, eyni zamanda rüşvətə, korrpupsiyaya qarşı cəza tədbirlərinin də daha sərt olması doğru addımdır. Dediyim kimi, bir sözlə, Macarıstandakı vəziyyət fərqli məsələdir və eynisinin bizdə olacağını düşünmürəm”.

Elmar

Gununsesi.info