
Macarıstanda qəbul edilən yeni qanuna əsasən, Qürur yürüşləri qadağan edilib və səlahiyyətlilərə sifətin tanınması texnologiyasından istifadə edərək qadağan olunmuş tədbirlərdə iştirak edənləri müəyyən etmək səlahiyyəti verilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Parlamentdə keçirilən səsvermədə qanun 27 əleyhinə 136 səslə təsdiqlənib. Macarıstan lideri Viktor Orbanın Fides Partiyası və azlıq koalisiyasının ortağı Xristian Demokratlar tərəfindən dəstəklənən qanun layihəsi sürətləndirilmiş prosedur altında müzakirə edildikdən sonra cəmi bir gün ərzində parlament tərəfindən qəbul edilib.
Yeni qanun Macarıstanın toplantı qanununa düzəlişlər edərək, ölkənin mövcud uşaqların müdafiəsi qanunlarına zidd olan tədbirlər təşkil etməyi və ya iştirak etməyi cinayət hesab edir.
Macarıstanda uşaqların müdafiəsi qanunu 18 yaşından kiçik şəxslərə homoseksuallığın “nümayişini və ya təbliğini” qadağan edir.
Qəbul edilmiş qanuna əsasən, qadağan olunmuş tədbirdə iştirak edənlər 200 min macar forinti (təxminən 20 min türk lirəsi) məbləğində cərimə olunacaqlar. Qanunun mətninə görə, bu cərimələr birbaşa “uşaqların müdafiəsi” fonduna köçürüləcək.
Bundan əlavə, səlahiyyətlilərə qadağan olunmuş fəaliyyətlərdə iştirak edən insanları müəyyən etmək üçün üz tanıma texnologiyasından istifadə etmək səlahiyyəti veriləcək.
Səsvermədən bir neçə saat sonra mindən çox etirazçı Macarıstan parlamentinin qarşısına toplaşıb. Hökümət əleyhinə şüarlar səsləndirməklə aksiyaya başlayan kütlə daha sonra Dunay çayı üzərindəki Marqaret körpüsünə doğru yürüş edərək nəqliyyatın hərəkətini kəsib.
Qanuna qarşı çıxan müxalifət deputatları parlamentin iclası zamanı göy qurşağı rəngli tüstü bombaları işə salıblar.
Orxan