Macarıstanın baş naziri Viktor Orban 15 Mart Macarıstanın Azadlıq günü münasibətilə ictimaiyyətə müraciət edərək, qarşıdan gələn Avropa Parlamenti (AP) seçkiləri ilə bağlı fikirlərini və Brüssellə bağlı tənqidlərini bildirib.
Gununsesi.info xəbər verir ki, iyun ayında keçiriləcək seçkilərdə Brüssel və Macarıstanın azadlığına üstünlük veriləcəyini bildirən Orban, macar xalqının öz azadlığına və suverenliyinə bağlı olduğunu vurğulayıb.
Orban 1848-ci il Macarıstan İnqilabı zamanı Avropanın xaos içində olduğunu və macarların 12 maddə islahat tələbi ilə Budadan Peştə yürüş etdiyini xatırladıb. “Əgər Macarıstanın azadlığını və suverenliyini qorumaq istəyiriksə, Brüsseli işğal etməkdən başqa çarəmiz yoxdur. Biz Brüsselə yürüş edib Avropaya özümüz dəyişiklik gətirəcəyik” deyən Orban köklü dövlət olduqlarını və Avropa İttifaqında (Aİ) dəyişikliyə təşəbbüs göstərəcəklərini bildirib.
Orban ölkəsinin müharibə deyil, sülh istədiyini, lakin “Brüsselin müharibə tərəfdarı olduğunu, təhlükəsizlik əvəzinə qanunun aliliyi adı altında problemlər yaratdığını, rifah əvəzinə maliyyə şantajı ilə məşğul olduğunu” iddia edib.
Macarıstan lideri bu ilin dönüş nöqtəsi olacağını bildirib. “Slovaklar yenidən oyanır, çexlər oyanır, italyanlar oyanır, hollandlar yenidən oyanır və amerikalılar da üsyan edir. Bu il dönüş nöqtəsi olacaq. İlin əvvəlində tək idik, ilin sonunda dünyada çoxluq olacağıq”, – deyə o bildirib.
Gununsesi.info