Macarıstanın hakim partiyası FİDES – Macarıstan Vətəndaş İttifaqı parlamentə hökuməti Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləməməyə çağıran qətnamə təqdim edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
“Avropa İttifaqının genişlənməsi siyasəti qaydalara və nəticələrə əsaslanan obyektiv proses olaraq qalmalıdır”, – deyə agentlik qətnamənin mətnindən sitat gətirir.
Qətnamədə qeyd olunur ki, Ukrayna ilə üzvlüklə bağlı danışıqların başlanması Avropa İttifaqına üzv ölkələrin konsensusuna əsaslanmalıdır: “Bu gün bunun üçün heç bir şərait yoxdur”.
Sənəddə həmçinin qeyd edilir ki, Aİ liderləri ilk növbədə Ukraynanın üzvlüyünün blokun bütövlüyünə və onun kənd təsərrüfatı siyasətinə təsirlərini hərtərəfli qiymətləndirməlidirlər. Çünki bu məsələ Macarıstan da daxil olmaqla, daha kasıb Aİ ölkələri üçün vacibdir.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Budapeşt Aİ-nin dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammitinin gündəliyinə Ukraynanın icmaya daxil olması ilə bağlı Kiyevlə danışıqlara başlamaq məsələsini daxil etməməyi təklif edib. Baş nazir qeyd edib ki, “Macarıstan danışıqlara veto qoymayacaq”, çünki bu, sadəcə olaraq, lazım deyil. O qeyd edib ki, “müəyyən məsələlər var və onlarla bağlı Aİ-də qərarlar yalnız bütün ölkələrin razılığı ilə qəbul edilir”. Hazırda isə bu məsələdə konsensus yoxdur.
Gözlənildiyi kimi, Aİ-nin 27 ölkəsinin liderləri dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq barədə qərar qəbul edə bilər. Bu, Kiyev və Kişinyovun danışıqlara başlamaq üçün bütün şərtləri yerinə yetirdiyini bildirən Avropa Komissiyasının noyabrın əvvəlində verdiyi təklifdir.
Gununsesi.info