“Mafiyalar diqqətçəkicidir, ailə və sədaqət…” - Oktay Kaynarca ilə özəl müsahibə

  • By admin
  • 30 Noyabr 2019 21:26
Türkiyənin məşhur aktyoru, “Eşkiya dünyaya hükümdar olmaz” serialının Hızırı Bakıda böyük izdihamla qarşılanıb. Aktyor siması olduğu mağazanın açılışından sonra sevənləri ilə görüşmək istəsə də, izdiham səbəbindən imza gününü yarımçıq tərk edib.
Gununsesi.org xəbər verir ki. Musavat.com-a müsahibə verən aktyor Bakıda sevənlərinin çox olduğundan xəbərdar olduğunu dilə gətirib: “ Saat 5-ə kimə çalışdım, heç yatmadan Bakıya gəldim. Burada sevənlərimin çox olduğunu bilirdim. Bu qədər izdiham olacağını gözləyirdim. Təəccüblənmədim. Hər kəsə təşəkkür edirəm”.
Bakıya daxil olduğunuz zaman diqqətinizi çəkən nə oldu?
Şəhəriniz çox gözəlləşib, qədimlik saxlanılaraq müasirləşdirilib. Qədimi binalar sökülməyib. Bir çox Avropa şəhərini gəzdik, Bakı onlardan geri qalmır.
– Azərbaycan-Türkiyə istehsalı olan filmlərlə bağlı təklif gəlibmi?
– Azərbaycandan film təklifləri gəlib, vaxtım olmadığı üçün qəbul etməmişəm. Biz də ortaq layihələr haqqında düşünürük, sizinlə bir araya gəlmək istəyirik. Düşünürəm ki, maraqlı hekayələr ortaya çıxar. İstəklərimizi indiyə kimi həyata keçirə bilməmişik, amma ortaq işlərimizin olmaması üçün bir səbəb yoxdur.
– Azərbaycanla Türkiyənin ortaq ekran həyatı verəcəyi “Mübariz” filmində sizin də rol alacağınız deyilirdi. Belə bir təklif aldınızmı?
– Təklif almadım, xəbərim yoxdur.
– Dekabrın sonlarında “Aman, reis duymasın” filminin qala gecəsi üçün yenidən Bakıya gələcəyiniz açıqlandı. Film haqqında nələr deyə bilərsiniz?
– Gələcəyim planlanırdı, lakin böyük ehtimal gələ bilməyəcəyəm, həmin tarixdə başqa proqramım var. Çox maraqlı filmdir. Mən ekran işində qonaq aktyoram. Bir filmin əvvəlində, bir də sonunda  görünürəm. Komandamıza, filmin aktyor heyətinə uğurlar arzulayıram. Gözəl iş ortaya çıxdı. İnanıram ki, onlar üçün də izdiham olacaq.
– Rol aldığınız və ya qəbul etmədiyiniz üçün peşman olduğunuz layihə var?
– Belə şeylər düşünmürəm. Tale deyə bir şey var. Bizim üşün həyatımızın proqramlandığına inanıram, biz də o proqram üzrə yaşayırıq. Hər işdə bir xeyir var, mən buna inanıram.
– Həyatda istədiyiniz hər şeyə nail ola bilmisiniz?
– İstədiyim hər şeyə nail olmaq” kimi bir anlayış yoxdur. İnsanın daim hədəfləri olmalıdır. Hədəfləriniz olmasa, həyatınızı bitirmək nöqtəsinə gələrsiniz. Hər zaman hədəflərimiz yüksək olmalıdır.
– Səsiniz çox gözəldir. Heç albom çıxartmaq haqında düşündünüzmü?
– Hər gün gəlir (Gülür). Mahnı oxumaq bizim işimiz  deyil.Türkü söyləməyi hər kəs kimi mən də sevirəm.
– Yeni layihələr, film, serial təklifləri gəlirmi?
– “Eşkiya dünyaya hükmdar olmaz”ın bitməsini gözləyirik. Yeni təkliflər var, serial bitdikdən sonra qarşımızda olan işlərə baxacağıq.
– Sizi ya polis, ya mafiya obrazında görmüşük. Oktay Kaynarcanı fərqli obrazda görəcəyik?
– Hər zaman eyni obrazda oynayacağımı düşünməyin. Romantik filmə də çəkilə bilərəm.
– Aktyor Necati Şaşmaz ilə “Kurtlar vadisi” serialında birlikdə oynamısınız və bəyənilən ikili olmusunuz. Yenidən bir araya gəlmə ehtimalınız var?
– Xeyr, yenidən birlikdə çəkiləcəyimizi düşünmürəm. Hər birimizin öz işi var.
– Niyə türk film və seriallarında bəzi mafiya obrazları qəhrəman kimi təqdim olunur?
– Sizin kimi düşünmürəm. Məsələ ondadır ki, bu rollar digərlərindən daha diqqətçəkicidir. Halbuki o qəhrəmanlar üzərindən cəmiyyətə öyrədilən ailə, sədaqət və dostluq kimi müqəddəs dəyərlər var.

Gununsesi.org