Mağazada qiymətlər həftə ərzində nə qədər dəyişir?

  • By admin
  • 31 May 2016 23:44

erzaq-dukan

Həftə ərzində Bakıdakı bir neçə böyük və kiçik supermarketdə qiymətlərin necə dəyişməsilə bağlı müşahidə aparılıb. İri supermarketlərdə əsasən axşam saatlarında alıcıların sayı çoxalır. İnsanlar məhsulu almazdan öncə qiymətlərini incələyir.
Supermarketdə bazarlıq edən ailənin xanımı ötən ay aldığı kremin qiymətinin 2 manata yaxın artdığını deyir, yanındakı balaca qız isə “qiymətlər nə tez bahalaşır” deyərək cavab verir.
3 həftə ərzində müşahidə apardığımız 2 supermarket şəbəkəsinin nəinki eyni məhsullarının qiymətləri arasında, hətta eyni supermarketlər şəbəkəsinin müxtəlif ünvanlarda yerləşən marketlərində də fərq hiss olunur.
2 iri supermarket şəbəkəsindəki fərqlər aşağıdakı kimidir:

Yuyucu toz – 2,27 AZN və 2,39 AZN
250 qramlıq çay – 3,80 AZN və 3,65 AZN
1 litlik qarğıdalı yağı – 3,09 AZN və 3,15 AZN
Super sun yağı – 4,45 AZN və 4,30 AZN
Fax sabun – 1,86 AZN və 2,09 AZN
Sadalanan məhsullardan 250 qramlıq çay eyni supermarketin digər şəbəkəsində 9 qəpik baha – 3,89 manata, Fax sabunu isə 6 qəpik baha – 1,92 manata satılıb. Digər supermarket şəbəkəsində isə eyni sabun 9 qəpik ucuz, 2 manata satılıb.
Bunun səbəbilə bağlı suala cavab olaraq kassa işçisi deyir ki, “marketin yerləşdiyi yerdən, alıcılıq qabiliyyətindən və hansı məhsula daha çox tələbatın olmasına görə eyni malların qiymətləri fərqlənə bilər”.
Məbləği daha tez-tez dəyişənlər yuyucu tozlar, təmizləyici və qadın gigiyenik məhsulları, şirniyyatlar, çay olub.
3 həftə ərzində müşahidə apardığımız məhsullardan sabunun qiyməti 6 qəpik bahalaşıb və sonradan köhnə qiymətinə qaytarılıb. Digər supermarket şəbəkəsində isə sabun 9 qəpik ucuzlaşaraq 2 manata, yuyucu toz isə 19 qəpik ucuzlaşaraq 2,10 manata satılıb.
Həftədə 2 dəfə alış-veriş edən sakin bildirir ki, qiymət bahalığını daha çox yağlarda və şirniyyatlarda hiss edib. “Zeytun yağından imtina etmişəm, 40 faiz bahalaşma var idi.”
Digər alıcı isə deyir ki, pomidor çox alır və indi aldıqlarının əvvəlki dadı qalmasa da, qiymət bahadır.

“İndi 2 manata alıram. Amma vaxt var idi, qışda pomidorun kilosuna 2 manat verərdik. Məhəllə dükanından alış veriş edirəm. Bazarlığım 10 manatdan aşağı çıxanda gülümsəyirəm. Həmişə 5-6 manatlıq bazarlığa indi 10 manatdan çox xərcim çıxır”, alıcı əlavə edir.
Məhəllə marketlərində bir həftə ərzində apardığımız müşahidələrdə piştaxtaların çox hissəsinin boş olması, bəzilərində isə məhsul çeşidinin az olması diqqət cəlb edib. Satıcılar buna hər hansı şərh verməsələr də alıcılar deyir ki, səbəb bir ay əvvəl qəsəbədəki mağazalarda vergi yoxlamalarının aparılmasıdır.
“Satıcılar özləri müştərilərə yaxınlaşıb deyirdi ki, az məhsul al. Bundan sonra da bura gələn camaat da azaldı, piştaxtalar da belə boşaldı”, alıcı nəql edir.
Ötən həftə ərzində apardığımız müşahidələrdə məhsulların qiymətlərində fərq hiss olunmasa da, bir-birindən 60 metr aralıqda yerləşən iki məhəllə marketinin məhsullarının dəyəri arasında fərq bəzən 20 qəpikdən də çox olur.
Yuyucu toz – 2,57 AZN və 2,30 AZN 250 qramlıq çay – 3,97 AZN, digər mağazada yoxdur
1 litlik qarğıdalı yağı – 3,19 AZN, digər mağazada yoxdur
Super sun yağı – 4,49 AZN, digər mağazada yoxdur
1800 qramlıq yumru düyü – 3,15 AZN və 2,95 AZN
1800 qramlıq uzun düyü – 2,88 AZN və 2,90 AZN
Mağazada qarşılaşdığımız alıcılardan biri deyir ki, həftə ərzində çorəkdə və şorun qiymətində fərq hiss edib. Onun sözlərinə görə həmişə aldığı çorək 5 qəpik ucuzlaşaraq 35 qəpiyə, şor isə 19 qəpik ucuzlaşaraq 1,68 manata olub.
“Həftəyə iki dəfə həmin şordan alırdım. İndi həftəyə 40 qəpik şordan azı 40 qəpik də çorəkdən qənaət edirəm”, alıcı “bu gününə şükür edir”.
Gündəlik alış-verişi məhəllə marketindən etdiyini deyən digər alıcı deyir ki, qiymətlər “baha olduğundan” 3 nəfərdən ibarət ailənin bazarlığına ayda 400 manat xərci çıxır.
“Sumqayıt burdan ucuzdur. Anlamıram, bura Parisdir ki, belə bahalıqdır”, deyə alıcı hirslə sual edərək kommunal xidmət haqqını hesaba qatmadığını xüsusi vurğulayır.
Ötən ilin dekabr ayının ortalarında manatın dollara nisbətdə 47 faizdən çox ucuzlaşmasından sonra bazarda ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Eyni məhsular müxtəlif marketlərdə fərqli qiymətlərə təklif olunur.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir ki, istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə edilməsi hallarına qarşı “qanunvericiliyə uyğun tədbirlər görəcək”.