Son illərdə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul zamanı plan yerlərinin orta hesabla 80-85 faizi tutulur.
Bu barədə Gununsesi.info–nun sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, magistraturaya ayrılan plan yerlərinin sayı ilbəil artır. Bu amil qəbul faizlərinin müəyyən qədər azalmasına təsir göstərir.
DİM-in məlumatına görə, ixtisaslaşmalar üzrə plan yerlərinin dolma göstəriciləri də fərqlənir. Bəzi ixtisaslaşmalarda yerlər tam dolduğu halda, müəyyən istiqamətlər üzrə bakalavr məzunlarının magistratura təhsilinə marağı daha aşağıdır və nəticədə boş yerlər qalır.
Mərkəz qeyd edib ki, magistraturaya qəbul zamanı müsabiqə şərtlərinin aşağı salınması plan yerlərinin dolmasına ciddi təsir göstərməz. Bununla yanaşı, belə bir dəyişiklik gələcək magistrlərin hazırlıq səviyyəsinə təsir göstərə bilər.
Hazırda müsabiqədə iştirak üçün minimal bal tələbi ixtisaslaşmadan asılı olaraq 30, 40, 45 və ya 50 bal təşkil edir. Maksimum nəticənin 100 bal olduğu nəzərə alınaraq, DİM hesab edir ki, müsabiqə şərtlərinin daha da aşağı salınmasına ehtiyac yoxdur.
Açıqlamada vurğulanıb ki, magistratura qəbul imtahanlarının əsas məqsədi plan yerlərinin 100 faiz doldurulmasını təmin etmək deyil. Qəbul və ixtisaslaşma seçimi zamanı keyfiyyət göstəricilərinin qorunması da mühüm əhəmiyyət daşıyır.
DİM həmçinin magistratura qəbul imtahanlarının elektron formada keçirilməsi istiqamətində hazırlıq işlərinin aparıldığını bildirib.
Qeyd edilib ki, elektron imtahanın dəqiq nə vaxt tətbiq olunacağını hazırda söyləmək mümkün deyil. Texniki, təşkilati və məzmunla bağlı hazırlıq işləri tam başa çatdıqdan sonra bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Vüsal Artyom












